Lavrov: İrana qarşı yeni hücum təhlükəsi
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, İrana qarşı yeni zərbə təhlükəsi hələ də qalmaqdadır və bəzi mənbələr bunun praktik müstəvidə müzakirə olunduğunu göstərir. Planlar həm hərbi, həm də iqtisadi təzyiq xarakteri daşıyır.
Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında deyib ki, BMT bu barədə öz mövqeyini bildirib:
“2015-ci ilin yayında İran üzərindən sanksiyalar qaldırılıb. Bu baxımdan beynəlxalq təşkilatlar Tehrana təzyiqləri davam etdirirlər. Bunun əsas şərtləri nüvə proqramının dayandırılması, zənginləşdirilən uranın beynəlxalq ictimaiyyətə açıqlanması və ABŞ ilə danışıqlar masasına oturmaqdır. Ona görə də gərginliyi azaltmaq üçün artıq addım Tehrandan gözlənilir. İran BMT Şurasının qətnamələrinə uyğun cavab verməlidir. Gərginliyi yalnız Tehranın atacağı addımlar azalda bilər. Rusiya-İran strateji tərəfdaşlığına isə bunun ciddi təsiri olmayacaq”.
Politoloqun sözlərinə görə, Tehranla Moskva arasında yeni atom elektrik stansiyalarının tikintisinə dair 26 milyard dollarlıq müqavilə imzalanıb:
“Bu, həm siyasi-diplomatik dəstək hesab olunur, həm də Tehran-Moskva arasında atom-nüvə əməkdaşlığının davam edəcəyini göstərir. Əgər regionda Tehranın səbəb ola biləcəyi yeni bir müharibə başlasa, bu, Yaxın Şərqdə vəziyyətə ciddi təsir göstərə bilər. İran hakimiyyətini ruhlandıran əsas məsələlərdən biri də nüvə proqramından imtina etməməsidir. İsrail və ABŞ-nin hərbi əməkdaşlığı isə qonşu ölkələrin etirazı ilə qarşılanır. Buna baxmayaraq, Tehran öz nüvə proqramını davam etdirməkdə israrlıdır. Birinci İsrail–İran qarşıdurması zamanı qonşu ölkələr yalnız bəyanat verməklə kifayətlənib ki, bu da dolayısı ilə Tehrana dəstək kimi qiymətləndirilə bilər”.
Mələk Hüseynova