Lavrov: Rusiya Fələstin probleminin həlli üçün çalışacaq
“Biz inanırıq ki, Fələstin xalqının qanuni istəklərinin həyata keçirilməsi, onların öz müqəddəratını həll etmək hüququ ərəb-İsrail münaqişəsinin həlli üçün ayrılmaz şərt olmalıdır. Yeri gəlmişkən, bunsuz İsrailin özünün təhlükəsizliyinin reallıqda və uzunmüddətli perspektivdə necə təmin oluna biləcəyini təsəvvür etmək çox çətindir”, - Lavrov əlavə edib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, görürük ki, İtaliya, İspaniya, Almaniya və Avropanın digər ölkələrində Fələstinin və Həmasın xeyrinə kütləvi yürüşlər, nümayişlər keçirilir:
"Qəzza bölgəsində baş verən dəhşətlər və soyqırımı bütün dünyanı ayağa qaldırıb. Görürük ki, İtaliya, İspaniya, Almaniya və Avropanın digər ölkələrində Fələstinin və Həmasın xeyrinə kütləvi yürüşlər, nümayişlər keçirilir. İnsanlar bu aksiyalarda hökumətlərinin bu məsələyə biganə qalmasına etiraz edərək öz hiddət və narazılığını ifadə edirlər. Bu məsələyə Rusiyanın da bilavasitə rolu var. Çünki Rusiya, ABŞ, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı birlikdə Yaxın Şərq münaqişəsinin həllinə cavabdeh sayılır. Hətta bu gün də onlar məsuliyyət daşıyırlar. Bu səbəbdən, Lavrovun son açıqlamaları göstərir ki, Rusiya bu məsələni yenidən öz gündəminə daxil etmək niyyətindədir. Buradan belə nəticə çıxarmaq olar ki, birincisi, Rusiya bu məsələdə gecikir ya da daha dəqiq desək, artıq gecikib. İkincisi, Rusiya hələ də öz diplomatik potensialını tam səfərbər etmir və İsrail qarşısında qəti mövqe nümayiş etdirmir. Bəzən Moskva bildirir ki, guya İsraildə 2-3 milyon rusdilli əhali yaşayır və onlar Rusiyanın soydaşları sayılır. Amma mən bu fikirlə qəti razı deyiləm. Çünki Rusiyanı tərk edib İsrailə köçənlərin böyük əksəriyyəti anti-rus meyillidir, rusofob düşüncəyə malikdir. Onlar nəinki Rusiya sistemini, ümumiyyətlə, keçmiş Sovet rejimini belə qəbul etmir, onu açıq şəkildə pisləyirlər. Əlbəttə, bu fikirdə istisnalar da ola bilər. Amma əsasən, onlar Rusiyanı bacardıqca qarayaxma ilə əhatə edən insanlar, qruplar və dairələrdir. Rusiya bunu çox gözəl bilir, amma buna baxmayaraq, onların rus dilində danışması qarşısında sanki geri çəkilir. Bu, anlaşılan deyil. Hətta indi İran–İsrail münaqişəsində belə artıq İran tərəfi Rusiyanı ittiham edir ki, bizim bütün sirlərimizi siz İsrail tərəfinə ötürmüsünüz və nəticədə onlar bizim strateji obyektlərimizi bombalayıblar. Bu iddianı kifayət qədər yüksək vəzifəli İran rəsmisi səsləndirib. Bu isə onu göstərir ki, hazırda Rusiyanın daxilində istər diplomatik, istərsə də hərbi sahədə yəhudi lobbisi fəaliyyət göstərir. Əgər Rusiya doğrudan da Yaxın Şərq məsələsində, xüsusilə Fələstin–Həmas məsələsində keçmişdə buraxdığı səhvləri düzəltmək istəyirsə, o zaman İsrailin qarşısında qəti və prinsipial mövqe ortaya qoymalıdır. Rusiya siyasəti buna nə dərəcədə hazırdır, bilmirəm. Amma hazırda gördüyümüz odur ki, hələlik yalnız Lavrov danışır. İndi isə bütün dünya İsrailin soyqırım siyasətini qınayır və məhkum edir. Hər şeyi adı ilə çağırmaq lazımdır. Bütün dünya görür ki, artıq 20 mindən çox fələstinli uşaq qətlə yetirilib, sağ qalanlar isə aclıq, səfalət içindədir, əsir vəziyyətinə düşüblər, torpaqlarında özlərini qərib kimi hiss edirlər".
Eyni zamanda politoloq bildirib ki, bu çox dəhşətli vəziyyətdir və bununla barışmaq mümkün deyil:
" Amma Moskva hər şeyi öz adı ilə bildirmir. Xüsusilə də bilirik ki, bu gün Rusiya ilə İsrail arasında guya münasibətlər yaxşıdırsa da, İsrail gizli şəkildə Ukraynanı həm siyasi, həm də hərbi-texniki baxımdan dəstəkləyir. Amma bu açıq şəkildə dilə gətirilmir. Bəlkə İsrailin qarşısında hansısa asılılıqları var və ondan çəkinirlər bunu dəqiq demək mümkün deyil, amma hər halda bunlar ikinci dərəcəli məsələlərdir. Birinci dərəcəli məsələ Fələstin xalqına, Qəzza bölgəsində yaşayan artıq 2 milyondan çox insanın əsarətdən xilas olunmasına yardım etməkdir. Burada reallıqla üzləşmək və artıq liberallıq nümayiş etdirmək yersizdir. Güc balansı dəyişməlidir ki, İsrail bir qədər geri çəkilsin. İsrail terror dövləti kimi davranır. İranlı alimləri öldürdülər. Hətta bu son müharibə günlərində bir alimi ailə üzvü ilə birlikdə qətlə yetirdilər. Onların evlərini tapıb, heç nəyə baxmadan bir adam üçün bütöv binanı partladırlar. Eyni hadisələri həm Fələstində, həm də Livanda edirlər. Yeri gəlmişkən, Hizbullahın lideri Seyid Həsən Nəsrullahın belə öldürüldüyü iddia olunur. 80 tonluq bomba bir binanın üstünə atılıb. 3-4 bomba eyni binaya tuşlanıb və təbii ki, belə bir zərbədən sağ çıxmaq mümkün deyil. Yəni bunlar dünya birliyinə qarşı açıq şəkildə çıxırlar. Bu siyasətin gələcəyi yoxdur və Rusiya bunu mütləq bilməlidir. Üstəlik, Rusiyanın üzərində də çox böyük məsuliyyət var. Bir daha xatırladım ki, Rusiya Yaxın Şərq münaqişəsinin həllində iştirak edən dörd əsas vasitəçidən biridir. Əgər Rusiya bu öhdəliyini yerinə yetirmək istəmirsə və ya bundan yayınırsa, o zaman bunu açıq şəkildə etiraf etməlidir. Çünki bu problemin arxasında milyonlarla insanın taleyi və gələcəyi dayanır. Güc balansı dəyişməlidir, bu artıq zərurətə çevrilib. Mən düşünürəm ki, İsrailin bu özbaşınalığı və ABŞ-nin təhriki ilə hər tərəfə müharibə elan etməsi nəticədə İsrailin öz sonunu gətirəcək. Bu, tarixdə də belə olub və indi də belə olmalıdır. Çünki bunun başqa yolu yoxdur. İsrail ilk növbədə Netanyahu hökumətindən azad olmalıdır. Netanyahu vəzifədən kənarlaşdırılmalı və məsuliyyətə cəlb edilməlidir. Bu adam təkcə ərəblərə və fələstinlilərə yox, ümumilikdə bütün bəşəriyyətə qarşı çıxış edir. Siyasi həyatını uzatmaq üçün bütün istiqamətlərə hücum edir, bütün problemlərə zorakı yollarla cavab verir. Ona görə də mən düşünürəm ki, Rusiya bu proseslərə görə də məsuliyyət daşıyır və ciddi şəkildə öz mövqeyini gözdən keçirməlidir".
Səmayə Səftərova