00:00:00
Yazar
Güllər Gülhüseynova
24.04.2026 21:29 19 2 dəq oxuma
Siyasət

Məhv edin! - Tramp orduya əmr edib

Məhv edin! - Tramp orduya əmr edib

“ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr etmişəm ki, Hörmüz boğazının sularına mina yerləşdirən istənilən qayığı, nə qədər kiçik olsa belə, məhv etsinlər”.

 

Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

 

“Heç bir tərəddüd etməyə dəyməz. Bundan əlavə, mina təmizləyicilərimiz hazırda boğazı təmizləyirlər. Bu fəaliyyətin davam etdirilməsini, üstəlik üçqat artırılmasını əmr edirəm! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, - o qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazı hazırda Yaxın Şərqdə qarşıdurmanın əsas düyün nöqtəsinə çevrilib:

 

“Trampın İran gəmilərini vurmaq barədə əmri onu göstərir ki, Amerika Birləşmiş Ştatlarının Hörmüz boğazı ilə bağlı xüsusi planları var. Bu planlar da böyük ehtimalla, Hörmüz boğazına İranın deyil, məhz ABŞ-nin nəzarət etməsi ilə bağlıdır. ABŞ artıq orada öz blokada səddini yaradıb. Boğazdan keçən istənilən gəmi ABŞ donanmasının səddindən keçmək və yaxud icazə almaq məcburiyyətindədir. Bu da onu göstərir ki, ABŞ artıq Hörmüz boğazına tam nəzarət etmək üzrədir. Minaların da təmizlənməsinə başlanılıb və yəqin ki, minalar təmizləndikdən sonra ABŞ bu boğaza nəzarəti öz əlində saxlamağa cəhd göstərəcək. Çünki bu, ABŞ-yə dünya neft bazarlarına da təsir göstərmək və İranla Çinin iqtisadi-ticari fəaliyyətinə müdaxilə etmək imkanları yaradır. Bütün bunları nəzərə aldıqda, Hörmüz boğazı indi Yaxın Şərq savaşının düyün nöqtəsinə çevrilmiş kimi görünür. Böyük ehtimalla, bu qarşıdurma tədricən daha da gərginləşə bilər və hərbi əməliyyatların da bərpa olunma ehtimalı var. Son məlumatlara görə, ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirməyə başlayıb. Bu da savaş ehtimalının və yaxud da hərbi böhranın dondurulmuş münaqişə modelinə keçmək ehtimalının daha aktual olduğunu göstərir. Razılaşma ehtimalı artıq o qədər də inandırıcı görünmür”.

 

Ekspert qeyd edib ki, ABŞ-nin hərbi üstünlüyü qarşıdurmanın gedişində həlledici amil kimi çıxış edə bilər:

 

“Təbii ki, rəsmi Tehran öz imkanları çərçivəsində ABŞ-yə müqavimət göstərməyə çalışacaq. Ancaq bu müqavimət potensialının hansı səviyyədə effektiv olacağı hələlik qeyri-müəyyəndir. Hər halda ABŞ-nin dünyanın ən güclü ordusuna və hərbi potensialına malik olduğu heç kimə sirr deyil. Bu isə Yaxın Şərq savaşında əsas həlledici faktordur. Böyük ehtimalla, hələ bir müddət hərbi qarşıdurmanın davam edəcəyi şübhə doğurmur. ABŞ daha sərt və ya radikal addımlar atarsa, bu savaş daha genişmiqyaslı münaqişə təhlükəsi də yarada bilər. Ümumiyyətlə, hərbi üstünlüyün tamamilə ABŞ-nin tərəfinə keçmə ehtimalı da mövcuddur”.

 

Lalə Qurbanlı

#ABŞ #Tramp #Tehran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər