00:00:00
Yazar
Nərmin Həşimova
27.04.2026 21:58 15 5 dəq oxuma
Maraqlı

“Məmmədəli Sidqi ilə dostluğumdan xoşhal olardım”

“Məmmədəli Sidqi ilə dostluğumdan xoşhal olardım”

1910-cu il 16 sentyabrda Mirzə Cəlil Tiflis qubernatoruna belə bir ərizə ilə müraciət edir ki: “Öz işlərimdən ötrü 4 aylıq Tiflisdən Kəhrizli kəndindəki mülkümə getməli olduğumdan müvəqqəti olaraq jurnalın redaktorluğuna Məmmədəli Sidqini təsdiq etməyinizi xahiş edirəm”.


Mirzə Cəlilin övladları qədər sevdiyi və qoruduğu “Molla Nəsrəddin”in taleyini müvəqqəti olaraq etibar etdiyi Məmmədəli Sidqi kim idi?

 

Mirzə Cəlilin xüsusi məktubla Naxçıvandan Tiflisə dəvət edərək “Molla Nəsrəddin”in taleyini etibar etdiyi Məmmədəli  Sidqi Mirzə Cəlilin Naxçıvanlı dostu, maarifpərvər insan Məmməd Tağı Sidqinin oğlu idi. Məhəmmədəli Sidqi 1888-ci ildə Naxçıvanda anadan olub.

 

Atası Məmməd Tağı Sidqi Naxçıvanda maarifpərvər insan kimi böyük hörmətə sahib olub. Azərbaycanın ən tanınmış maarifpərvərlərindən olan M.T.Sidqi (Səfərov) Ordubadda “Əxtər”, sonra isə Naxçıvanda “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəb açmışdır. M.T. Sidqi gözəl pedaqoq olmaqla yanaşı, həm də şair, jurnalist olub. Məmmədəli Sidqinin yaxşı təhsil almasına atası şərait yaratmışdı. Sonradan onun Mirzə Cəlillə dostluq etməsinə səbəb atası Məmməd Tağı Sidqi olmuşdur. Bu dostluq amal, məslək dostluğuna çevrilərək Azərbaycanda maarifin, mədəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafına çevrilmişdir. Dostluğun baş tutacağından xoşhal olacağını söyləyən Mirzə Cəlil yazırdı ki: “Əgər mərhum Sidqinin oğlu ilə dostluğum baş tutarsa, özümü xoş hiss edərəm. Xeyirxahınız C.Məmmədquluzadə”.

“İnqilab və mədəniyyət” jurnalının yazdığına görə, “Məmmədəli Sidqi 1910-cu ilin iyunundan 1911-ci ilin dekabrına kimi “Molla Nəsrəddin” idarəsində müvəqqəti redaktorluq vəzifəsini daşıyır və məcmuəni idarə edirdi”.

 

Mirzə Cəlil də bu idarəetmədən razı qalıb. Bu, Məmmədəli Sidqiyə yazdığı bir çox məktubların məzmunundan da bəlli olur: “Jurnal gəldi. Yaxşı çıxıb. Razı oldum. Elə elə ki, bu ay qalanları da çıxsın”. Hətta redaktor Məmmədəlinin ailəsinin də qayğılarına qalırdı. 29 yanvar 1911-ci il tarixli məktubunda yazırdı: “Evinizə lazım olan pulu göndərməyə muxtarsan. Elə elə ki, evinizdə korluq çəkməsinlər”.

 

1911-ci ilin əvvəllərində Tiflisə gələn M.Ə.Sabir də işlərin idarə edilməsində az da olsa, Məmmədəli Sidqiyə yardımçı olur. Beləliklə, onların arasında az bir vaxtda möhkəm ünsiyyət yaranır. 1911-ci ilin iyul ayında Sabir vəfat edir. Bu acı xəbər bütün mollanəsrəddinçilər kimi Məmmədəli Sidqini də çox məyus edir. Hətta bundan bir az sonra Məmmədəli Sidqi Tiflisi tərk edərək Bakıya köçür.

 

M.Ə.Sidqi də redaktorluğu zamanı həm çar senzurasının əməkdaşları, həm də cəhalətin qurbanı olan insanlar tərəfindən dəfələrlə təqiblərə, təhqirlərə məruz qalıb. Belə maraqlı faktlardan biri haqqında M.Ə.Sidqi jurnala redaktorluq edən zaman ona gələn bir oxucu məktubu haqqında “İnqilab və mədəniyyət” jurnalının 1936-cı il 3-cü sayında yazırdı: “Hələ 1910-cu ildə “Molla Nəsrəddin” jurnalının müvəqqəti müdiri olduğum zaman, Dağıstanda Şeyx Nəcməddini jurnala yazmışdıq. Bir neçə gündən sonra Qasım kəndindən imzasını gizlədən bir ləzgidən belə bir məktub aldım: “…mən ləzgiyəm, bir ləzgilik edərəm, əvvəla alıb bir köhnə naqanı Qasım kənddən minib faytona gedərəm Biliçi stansiyasına. Biliçidən adam kimi gələrəm vaqon ilə Tiflisə. Girərəm idarənizə, sənlə salam-əleyküm edərəm. Sonra da sən kibi köpək oğlunun ağzına ataram iki güllə. Cəmaətdə deyər ki, Molla Nəsrəddinin anasını aqladan budu. Bu söz məni üçün bir milyona dəyər”.

Amma onu da qeyd edək ki, M.Ə.Sidqi “Molla Nəsrəddin”dən əvvəl “İrşad”da, “İqbal”da və “Yeni İrşad”da çıxış edib. Burada onun Aşqabad həyatından bəhs edən məqalələri üstünlük təşkil edir. Elə bu illərdə də “Molla Nəsrəddin”lə də ara-sıra əlaqə saxlayıb, məqalələr yazıb, Mirzə Cəlilə məktub göndərib.

 

M.Ə.Sidqi çap olunduğu mətbu orqanlarında müxtəlif imzalarla çıxış edib. “Molla Nəsrəddin”də “Məəs” gizli imza ilə çıxış edən müəllif “İqbal”da, “Yeni İrşad”da “Rizə”, “Zadə” və “Əfi” imzalarını qoyub. Xüsusən də sonuncu imzası “Əfi” imzasının ona məxsus olması haqqında tədqiqatçı alim və mollanəsrəddinçi yoldaşı Qulam Məmmədli “İmzalar” adlı kitabında məlumat verərək yazır ki: “M.Ə.Sidqi məqalələrinin birində yazırdı ki, bundan sonra “Əfi” imzası ilə yazacağam. Doğrudan da, sonra mətbuatda “Əfi” imzası ilə rastlaşdım”. Bu imzaların həqiqətən M.Ə.Sidqiyə məxsus olmasını təsdiq edən faktlarla onun arxivində də rastlaşmaq olar.

M.Ə.Sidqi redaktorluqdan sonra da jurnalla əməkdaşlığını davam etdirmişdi. 1911-ci ilin sonlarında Bakıya köçən M.Ə.Sidqi ilk olaraq Bakıda Bülbülə məktəbində müəllim işləməklə yanaşı jurnalistlik də etmişdi. Hətta hərdənbir həvəskar artis tamaşalarında kiçik rollar da ifa edib. “Yeni yol” qəzetində çap olunan məqalədə yazıldığına görə M.Ə.Sidqi “Ölülər” əsərində bir neçə dəfə müxtəlif rolları, hətta “İsgəndər”i də oynayıb.

 

Sovet hakimiyyəti illərində “Kommunist” və “Sovqat” qəzetlərində işləyən M.Ə.Sidqi 1956-cı ildə Bakıda dünyasını dəyişir. 1956-cı ildə Azərbaycanda çap olunan bütün qəzetləri gözdən keçirdim. M.Ə.Sidqinin ölümündən bir neçə gün sonra bir-iki qəzet yalnız başsağlığı verməklə kifayətlənib. “Kommunist” qəzeti öz əməkdaşının fəaliyyəti haqqında beş-üç kəlməyə xəsislik etsə də, çoxdan dünyasını dəyişən bir erməni yazıçısı haqqında irihəcmli yazı verib. Budur, şərhə ehtiyacı yoxdur. Unutmaq olmaz ki, Sidqilər ailəsi XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda böyük ziyalı ordusunun yetişməsində, maarifin, elmin təbliğində çox böyük əmək sərf ediblər. Ən azından bunun xatirinə “dahi ata”larına,  “böyük qardaş”larına, “mehriban qonşu”larına həsr etdikləri yazılardan yer tapıb heç olmasa bir-iki sütunu Məmmədəli Sidqiyə həsr edə bilərdilər. Amma etmədilər. Günahkar yenə də özümüz deyilikmi?


BDU-nun professoru Qərənfil Dünyaminqızı

#sidqi #mirzə cəlil #mətbuat #dostluq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər