00:00:00
Yazar
Admin User
24.12.2025 03:01 191 8 dəq oxuma
Siyasət

"Müasir Azərbaycanın Siyasi, İqtisadi və Sosial İnkişaf Yolunu Yazan Prezident İlham Əliyev"

"Müasir Azərbaycanın Siyasi, İqtisadi və Sosial İnkişaf Yolunu Yazan Prezident İlham Əliyev"

24 dekabr müasir Azərbaycan tarixində xüsusi çəkisi olan bir gündür. Bu tarix ölkəni mürəkkəb sınaqlardan keçirərək güclü və qalib dövlət səviyyəsinə yüksəldən Prezident İlham Əliyevin doğum gününə təsadüf edir. Güclü iradəsi, məqsədyönlü siyasəti və düzgün qərarları sayəsində bu gün Azərbaycan beynəlxalq arenada özünü sübut etmiş dövlətlər sırasındadır. Aprel döyüşləri, II Qarabağ Müharibəsi, Antiterror əməliyyatı və bu kimi hadisələrdə Azərbaycanı qalib ölkə edən cənab Prezident xalqın, millətin daim qayğısına qalaraq onların problemləri yönündə mühüm addımlar atır. Bu gün ölkənin inkişaf yolunda inamla irəliləməsi ardıcıl, məqsədyönlü və milli maraqlara əsaslanan idarəetmənin göstəricisidir.

 

Məhz biz də "İnformator.az" xəbər saytı olaraq bugünkü reportajı cənab Prezident İlham Əliyevə həsr etdik.

 

Mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Fazil Mustafa Prezident İlham Əliyevin özünəməxsus xüsusiyyətlərindən bəhs edib:

 

"Azərbaycan Prezidenti cənab İlham Əliyevi fərqləndirən əsas xüsusiyyət qətiyyət və özünəinamdır. Bu iki xüsusiyyət onun prezidentlik dövründə ən çox diqqət çəkən məqamlardandır. Çünki bu dövr ərzində bütün məsələlərdə olduqca yüksək peşəkarlıq nümayiş etdirib. Məhz Qarabağın azad olunması da Prezidentin şəxsi qətiyyəti ilə bağlı bir çox amillərdən daha çox asılı olub. Ona görə də, onun böyük dövlətlərlə və beynəlxalq birliklərlə - Avropa İttifaqı, Avropa Şurası ilə münasibətlərində davranış istiqamətləri həmişə müsbət nəticə ilə yekunlaşıb. Təbii ki, bu proseslərin həyata keçirilməsində əsas səbəblərdən biri onun geniş biliyə malik olmasıdır. Yüksək səviyyədə dil biliklərinin olması istər-istəməz rahat danışmaq və öz düşüncələrini qarşı tərəfə asanlıqla qəbul etdirmək imkanı yaradır",-deyə F.Mustafa bildirib. 

 

Saytımıza danışan deputat Fazil Mustafa Prezident İlham Əliyevin ölkədaxili apardığı siyasi quruluş və güclü nəzarət mexanizmlərindən də söz açıb:

 

"Prezident İlham Əliyevin güclü nəzarət xüsusiyyəti də var. Belə ki, o, hər bir kadrı yaxından tanıyır, onların qabiliyyət və imkanlarını bilir. Bəzən kiçik səhvlərə görə şans versə də, dövlətçilik əleyhinə olan yanlışlar zamanı ən yaxın çevrəsində olan şəxslərə belə güzəştə getmir. Bu da öz növbəsində onun dövlətçi qətiyyətindən xəbər verir. Hesab edirəm ki, İlham Əliyev Azərbaycanın ən böyük iki problemini artıq həll edib. Birinci, Azərbaycanın müstəqilliyinin tam möhkəmləndirilməsi, ikinci isə ərazi bütövlüyünün bərpasıdır. Qarabağın azad olunması bunun ən bariz nümunəsidir. Düşünürəm ki, İlham Əliyevdən başqa bir şəxs dövlətin başında olsaydı, bu nəticəni proqnozlaşdırmaq mümkün olmazdı. Bundan əlavə, İlham Əliyev Azərbaycanın üçüncü ən böyük problemini həll etmək istiqamətində də ciddi addımlar atır. Bu da Zəngəzur dəhlizinin açılması məsələsidir. Bu dəhlizin açılması Azərbaycanın tam şəkildə bütöv bir dövlətə çevrilməsi deməkdir. Çünki Naxçıvanla birbaşa əlaqənin təmin olunması bizim üçün olduqca önəmlidir",-deyə deputat əlavə edib.

 

Son olaraq, müsahibimiz Prezident İlham Əliyevə ölkəmizin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün cansağlığı və fikir aydınlığı arzuladığını qeyd edib.

 

Digər müsahibimiz politoloq Tural İsmayılov isə cənab Prezident İlham Əliyevin siyasi arenadakı fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda atılan addımlardan danışıb: 

 

"Prezident İlham Əliyevin siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və milli maraqların qlobal səviyyədə müdafiəsi baxımından misilsiz əhəmiyyət kəsb edir. Onun rəhbərliyi altında Azərbaycan uzunmüddətli strateji planlama, hüquqa əsaslanan idarəetmə və milli təhlükəsizliyin təminatı ilə seçilən dövlət modeli qurub. İlham Əliyev həm regionda, həm də beynəlxalq səviyyədə Azərbaycanı etibarlı tərəfdaş və güclü aktor kimi mövqeləndirərək, qlobal siyasətdə konstruktiv liderlik nümayiş etdirir. Regionda sülh və sabitliyin təmin olunmasında Prezidentin diplomatik xətti nümunəvidir. Azərbaycan ikitərəfli və çoxtərəfli dialoq platformalarından effektiv istifadə edərək, milli maraqlarını qoruyur, həm qonşularla etimad yaratmaq, həm də qlobal aktorlarla balanslı əməkdaşlıq təmin etmək imkanlarını maksimum səviyyədə tətbiq edir. Bu yanaşma ölkəmizin regional və qlobal siyasətdə nüfuzlu və etibarlı oyunçu kimi qəbul edilməsinə imkan yaradır",-deyə T.İsmayılov vurğulayıb.

 

Politoloqun sözlərinə görə, Prezidentin dövlət suverenliyi və milli inkişaf strategiyasına dair apardığı siyasət daim müsbət nəticə verib:

 

"Azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası Prezidentin dövlət suverenliyi və milli inkişaf strategiyasına sadiqliyini açıq şəkildə göstərir. İnfrastrukturun bərpası, sosial-iqtisadi inteqrasiya və təhlükəsizlik tədbirləri Azərbaycan dövlətinin güclü, dayanıqlı və perspektivli inkişaf xəttini möhkəmləndirir. cənab Prezident dünyanın ən önəmli siyasi liderlərindəndir. Azərbaycan onun sayəsində bu gün aparıcı ölkədir",-deyə o əlavə edib.

 

Son olaraq, müsahibimiz Prezident İlham Əliyevə yeni yaşında möhkəm cansağlığı, uzun ömür, ali dövləti və xalqı naminə apardığı məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycanın daha da qüdrətlənməsi və inkişafı yolunda əzmkar addımlar arzulayıb.

 

Təbii ki, Prezident İlham Əliyevin siyasi və sosial islahatları qədər iqtisadi sahədə apardığı islahatlar da nəticəsiz qalmayıb. Bu barədə isə, saytımıza iqtisadçı ekspert Elman Sadiqov danışıb.

 

İqtisadçı ekspert Elman Sadiqovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələr çox genişdir:

 

"Təbii ki, Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatı üçün etdikləri nəticəsiz qalmayıb. Buna nümunə olaraq, 2022-ci il ərzində Azərbaycanın atdığı addımlar, neft-qaz sahəsində yeni layihələr, Avropanın bir çox ölkələri ilə, istər Serbiya, istərsə də digər ölkələrlə, o cümlədən Rumıniya, Bolqarıstan daxil olmaqla Avropanın 10 ölkəsi ilə qaz-neft sahəsində genişlənən əməkdaşlıqları misal göstərmək olar. Bu əməkdaşlıqlar Azərbaycanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib, ölkəmizin beynəlxalq nüfuzunu artırıb. Xüsusilə, Cənub Qaz Dəhlizi çərçivəsində atılan addımlar Avropanın enerji xəritəsində Azərbaycanın rolunu strateji səviyyəyə yüksəldib. Eyni zamanda, neft-qaz sahəsində əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilərək postneft dövrünə keçidi sürətləndirib. Sənaye parklarının yaradılması, regionlarda infrastruktur layihələrinin icrası, kənd təsərrüfatına və yaşıl enerjiyə yatırımlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə real zəmin formalaşdırıb",-deyə ekspert vurğulayıb. 

 

Bundan əlavə, ekspert Azərbaycanı "Yaşıl" enerji" istehsalçısı və ixracatçısı kimi qiymətləndirir:

 

"Hər bir resurs tükənir. Hazırda biz neft hasilatının ilbəil aşağı düşdüyü dövrü yaşayırıq. Ona görə də, ənənəvi enerjidən alternativ enerjiyə keçid tendensiyası ortaya çıxır. Artıq Azərbaycan bunu qabaqlayaraq "Yaşıl enerjiyə" - alternativ enerjiyə keçid etməklə yanaşı, həm də bu enerjinin Avropaya ixracı məsələsini ortaya qoyur, yəni biz Azərbaycan olaraq həm "Yaşıl enerji" istehsalçısı, həm ixracatçısı, həm də tranzit ölkə kimi yeni bir imic qazanmaqdayıq. Təbii ki, bu imicin qazanılması üçün də ölkə Prezidenti tərəfindən konkret addımlar atılıb. Hazırda "Qaradəniz"in altından elektrik xəttinin çəkilməsi, yaşıl enerjidən əldə olunan elektrikin ixracı üçün elektrik xəttinin çəkilməsi məsələsi kimi addımlar buna nümunə olaraq qiymətləndirilə bilər. Beləliklə, Prezident İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış iqtisadi siyasəti nəticəsində Azərbaycan təkcə enerji ixracatçısı kimi deyil, eyni zamanda dayanıqlı və çoxşaxəli iqtisadi modelə malik dövlət kimi mövqeyini möhkəmləndirməkdədir",-deyə ekspert qeyd edib.

 

Son olaraq, müsahibimiz Prezident İlham Əliyevə yeni yaşında möhkəm cansağlığı, uzun ömür, dövlətçilik yolunda davamlı uğurlar, Azərbaycan iqtisadiyyatının daha da güclənməsi naminə həyata keçirilən islahatlarda yeni nailiyyətlər arzuladığını bildirib.

 

Təbii ki, dövlət sektorlarından çalışanlar qədər vətəndaşlar da cənab Prezident İlham Əliyevə qarşı dərin hörmət və yüksək etimad bəsləyirlər.

 

Keçmiş məcburi köçkün olan Əli dayı da məhz həmin vətəndaşlardan biridir. Uzun illər yaşadığı çətinliklərdən bəhs edən müsahibimiz cənab Prezident İlham Əliyevə dərin etimad bəslədiyini və onun xalqın daim yanında olduğunu bildirib:

 

"Biz uzun illər yurd həsrəti ilə yaşadıq. Çadır şəhərciklərinin, yarımçıq evlərin, köçkünlük taleyinin nə demək olduğunu ən yaxşı biz bilirik. Amma bir həqiqət var ki, bu ağrılı illərdə dövlət bizi tək buraxmadı. Prezident İlham Əliyev hər zaman məcburi köçkünlərin dərdini öz dərdi kimi gördü. Yeni qəsəbələr salındı, yaşayış şəraiti yaxşılaşdırıldı, insanlara ümid verildi. Biz hiss etdik ki, dövlət bizim yanımızdadır. Bu gün isə o ümid gerçəyə çevrilib - torpaqlarımıza qayıdırıq. Buna görə də, Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildirir, onu ürəkdən təbrik edirik",-deyə müsahibimiz qeyd edib.

 

Digər müsahibimiz Sevda Məmmədova da həmvətəni ilə eyni fikirdədir

 

"Köçkünlük insanın yaddaşında silinməyən izlər buraxır. Amma bu izlərin içində bir işıq da var idi - dövlətin qayğısı. Prezident İlham Əliyevin apardığı siyasət bizə göstərdi ki, heç bir vətəndaş unudulmur. O, hər zaman sadə insanların, xüsusilə də, məcburi köçkünlərin problemlərinə diqqətlə yanaşıb. Bu diqqət təkcə sözlə yox, real addımlarla özünü göstərdi. Bu gün azad edilmiş torpaqlarda yeni evlər, yeni həyat qurulur. Bu bizim üçün təkcə qayıdış deyil, həm də ləyaqətin bərpasıdır. Prezidentimizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı aruzlayırıq. Allah daim onun yanında olsun, Allah daim ona güc-qüvvət bəxş etsin",-deyə Sevda xanım vurğulayıb.

 

Söz mənə gəldikdə isə, Prezident İlham Əliyevin Azərbaycan üçün etdikləri bahabiçilməzdir. Belə ki, müstəqil Azərbaycanın son iyirmi ildən artıq tarixini vərəqlədikdə bu dövrün əsas siyasi siması kimi Prezident İlham Əliyevin adı ön plana çıxır. O, 2003-cü ildə Azərbaycan xalqının etimadını qazanaraq prezidentliyə gəldiyi gündən bu günədək ölkənin taleyüklü mərhələlərinin birbaşa iştirakçısı və yönləndiricisi olub. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk illər Azərbaycan üçün mürəkkəb və həssas bir dövr idi. Regionda geosiyasi risklər, iqtisadi asılılıqlar, həllini tapmamış Qarabağ problemi ölkənin qarşısında ciddi çağırışlar yaradırdı. Məhz bu mərhələdə Prezident İlham Əliyev siyasi iradə, ardıcıl strategiya və praqmatik yanaşma ilə Azərbaycanın inkişaf kursunu müəyyənləşdirdi. Onun rəhbərliyi dövründə Azərbaycan iqtisadi cəhətdən gücləndi, enerji layihələri ölkəni regionun əsas tərəfdaşına çevirdi. “Əsrin müqaviləsi”nin davamı olan TANAP, TAP kimi layihələr Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirdi, iqtisadi müstəqilliyini təmin etdi. Paralel olaraq sosial siyasət prioritet elan edildi, infrastruktur yeniləndi, regionların inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin siyasi lider kimi ən mühüm sınaqlarından biri isə Azərbaycanın ərazi bütövlüyü məsələsi oldu. Uzun illər davam edən ədalətsizlik 2020-ci ildə tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev xalqın iradəsini, ordunun gücünü və dövlətin qətiyyətini bir araya gətirərək Qarabağın azad olunmasına nail oldu. Bu zəfər təkcə hərbi uğur deyil, həm də siyasi uzaqgörənliyin nəticəsi idi. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Prezident İlham Əliyevin gələcəyə hesablanmış siyasətinin davamıdır. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni həyat modeli Azərbaycanın uzunmüddətli inkişaf baxışını əks etdirir. Prezident İlham Əliyevin fəaliyyəti dövrü həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrildiyi bir mərhələ kimi yadda qalır. Balanslaşdırılmış xarici siyasət, milli maraqlara söykənən diplomatik xətt ölkəmizin regional və qlobal arenadakı mövqelərini daha da gücləndirib. Bu gün Prezident İlham Əliyevin keçdiyi yol müasir Azərbaycan dövlətçiliyinin formalaşma salnaməsidir. Qətiyyət, dövlətə sədaqət və milli maraqlara bağlılıq bu yolun əsas xəttini təşkil edir.

 

İnformator.az kollektivi olaraq Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, fəaliyyətində yeni uğurlar, Azərbaycan dövlətinin və xalqının rifahı naminə yorulmaz xidmət arzulayırıq.

 

Mayıl Soltan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər