“Müharibə uzandıqca nizamlanması çətinləşir”
Rusiya yalnız iki şərt yerinə yetirildiyi təqdirdə sülhə razılaşa bilər. Bu barədə Rusiya-Ukrayna müharibəsinin veteranı, “Aydar” batalyonunun sabiq tağım komandiri Yevgeni Dikiy bildirib.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin müddəti uzandıqca, nizamlanması da çətinləşir:
“Çünki müharibədə yeni-yeni faktorlar və istiqamətlər meydana gəlir. Hətta Rusiya ərazisinin dərinliyinin Ukraynanın vurmasına dair razılığın ifadə olunması müharibədə yeni bir mərhələni formalaşdırır. Əvvəlki dövrlərdə Rusiyanın “taktiki nüvə silahından” istifadə təhdidi dolayısı ilə Ukrayna Rusiya ərazisinə zərbə endirməkdən çəkinib. Bu gün isə vəziyyət dəyişib. Ukrayna öz ərazi bütövlüyü uğrunda mücadilə aparır. Rusiyanın təklif etdiyi nizamlanma planı Ukraynanı razı salmır. Çünki Zelenski heç bir şərtdə torpaqlarının itirilməsi ilə razılaşa bilməz. Ona görə ki, bunun müqabilində xalqa cavab vermək lazımdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin prezidentlik dövrü artıq bitib. Yeni seçkiləri də keçirmək mümkün deyil. Çünki müharibə vəziyyəti və şərait seçkinin keçirilməsinə imkan vermir”.
Ekspert qeyd edib ki, ABŞ-nin “Tomahavk” raketlərinin Ukraynanın müdafiə qabiliyyətinə və təhlükəsizliyini gücləndirməsi də bir reallıqdır:
“Lakin onun düzgün istifadəsi önəmlidir. Çünki hava məkanında Ukrayna müharibənin ilkin dövründə böyük çatışmazlıqlarla üz-üzə idi. Bu gün qismən bunu hava hücumundan müdafiə sistemləri ilə qapamaq mümkün olur. Eyni zamanda, müasir dronlar, hava hücumundan müdafiə sistemləri və qırıcılar Ukraynaya yardım olur. Ukrayna özü də bu sahədə istehsalı gücləndirir. Rusiya da öz maraqlarından geri çəkilmir. Rusiyanın müharibədə məğlubiyyəti də ayrı-ayrı geosiyasi mərkəzlər üçün qəbul olunan deyil. Hindistanı, Çini, Şimali Koreyanı, İranı qeyd edə bilərik. Beləliklə, çox çətin bir mənzərə formalaşır. Qlobal nizamın formalaşmasında yeni koalisiyalar, yeni dövlətlər qrupunun meydana gəlməsi və beynəlxalq hüququn da çox gərgin dövr keçirməsinə şahid oluruq”.
Nuray Əliyeva
