Müharibədən çıxmış cəmiyyətlər əməkdaşlığa necə baxır?
Müharibədən çıxmış cəmiyyətlər əməkdaşlığa adətən ehtiyatla yanaşır. Keçmiş itkilər və travmalar insanların düşüncəsində dərin izlər buraxır. Etimadsızlıq əməkdaşlığın qarşısında əsas maneəyə çevrilir. Buna baxmayaraq, sülh və sabitlik arzusu cəmiyyətdə qalır. İqtisadi fayda əməkdaşlığa marağı artıra bilər. Gündəlik həyatda müsbət dəyişikliklər münasibəti yumşaldır. Gənclər əməkdaşlığa daha açıq yanaşa bilər. Yaşlı nəsil daha çox ehtiyatlı olur. Media və siyasi ritorika ictimai rəyə təsir göstərir. Etimad zamanla və ardıcıl addımlarla formalaşır.
Bu mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “İnformator.az” a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi və şanlı qələbəsi ilə nəticələnib:
“Bu qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam şəkildə bərpa edib. Müharibə başa çatan kimi Azərbaycan qarşı tərəfə sülh, barış və əməkdaşlıq əlini uzadıb. Bunun əsas səbəbi ölkəmizin bölgədə davamlı sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq niyyətində olmasıdır. Azərbaycan hesab edir ki, münaqişə səhifəsi bağlanmalı, Cənubi Qafqaz geosiyasi qarşıdurma məkanından əməkdaşlıq və inkişaf zonasına çevrilməlidir. Cənubi Qafqaz mürəkkəb və həssas geosiyasi bölgədir. Bu coğrafiyada müxtəlif maraqları olan böyük dövlətlər mövcuddur və onlar zaman-zaman regional münaqişələrdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsü irəli sürməklə bu qüvvələrin konflikt üzərindən manipulyasiya imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu addım həm də Azərbaycanın məsuliyyətli və uzaqgörən dövlət siyasətinin göstəricisidir. Aydın məsələdir ki, iki dövlət və iki xalq arasında uzun illər davam etmiş düşmənçiliyin aradan qaldırılması asan proses deyil. Bu, nə qısa müddətdə, nə də avtomatik şəkildə baş verə bilər. Hər iki tərəf ağır itkilər verib. Lakin xüsusilə Ermənistan vasitəsilə Azərbaycana qarşı işğal, soyqırımı, ekosid və digər ciddi hüquqa zidd əməllər törədilib. Bu faktlar tarixi yaddaşın mühüm hissəsidir və Azərbaycan xalqı bu hadisələri unutmamalıdır. Unutmaq gələcəkdə eyni təhlükələrin təkrarlanmasına zəmin yarada bilər. Bununla yanaşı, tarixi yaddaşı qorumaq sülhə qarşı çıxmaq anlamına gəlmir. Əksinə, Azərbaycan öz keçmişini unutmadan gələcəyə baxmağı bacarmalıdır. Çünki qonşu dövlətləri dəyişmək mümkün deyil və davamlı təhlükəsizlik yalnız əməkdaşlıq münasibətlərinin qurulması ilə təmin oluna bilər. Düşmənçilik münasibətləri yalnız mərhələli şəkildə əməkdaşlıq və qarşılıqlı etimad mühitinə çevrilə bilər. Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasında qətiyyətlə maraqlıdır. Bu müqavilə təkcə rəsmi sənəd olaraq qalmamalı, real barışıq və əməkdaşlıq mühiti yaratmalıdır. Sülh yalnız dövlətlər arasında deyil, xalqlar arasında da bərqərar olmalıdır. Bu səbəbdən rəsmi danışıqlarla yanaşı, xalq diplomatiyasına da xüsusi önəm verilir. Hər iki ölkədən qeyri-hökumət təşkilatları, ziyalılar, gənclər, mədəniyyət, elm və idman nümayəndələri səviyyəsində görüşlər təşkil olunur. Azərbaycan vasitəsilə atılan humanitar və iqtisadi addımlar bu niyyətin real göstəricisidir. Nəqliyyat məhdudiyyətlərinin aradan, qaldırılması, iqtisadi və kommunikasiyaların açılması ilə bağlı təşəbbüslər, regional əməkdaşlığa dair təkliflər sülh prosesinin irəliləməsinə xidmət edir. Bu addımlar Ermənistan rəhbərliyi vasitəsilə də müsbət qarşılanıb, bu da gələcək dialoq üçün müəyyən ümidlər yaradır. Əsas məqsəd köhnə düşmənçilik stereotiplərini və münaqişə düşüncə tərzini tədricən aradan qaldırmaqdır. Bu prosesdə dövlət aparıcı rol oynamalı, cəmiyyətin bütün təbəqələri isə bu siyasətə dəstək verməlidir. Yaşlı nəsil, orta nəsil və gənclər tarixi yaddaşı qoruyaraq, eyni zamanda sülh və əməkdaşlıq ideyasını gələcək nəsillərə ötürməlidirlər. Sosial varislik həm tarixi həqiqətləri, həm də sülhə doğru yönəlmiş yanaşmanı əhatə etməlidir. Nəticə etibarilə, Azərbaycan yalnız Ermənistanla deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün sülh və sabitlik modelini irəli sürür. Ölkəmizin məqsədi bölgəni xarici geosiyasi maraqların toqquşma meydanına çevirməmək, əksinə, əməkdaşlıq və qarşılıqlı fayda əsasında inkişaf edən bir məkana çevirməkdir. Bunun üçün həm dövlətlərarası siyasi iradə, həm də xalqlar arasında qarşılıqlı anlayış və dialoq vacibdir. Azərbaycan bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edir və ardıcıl addımlar atır. Xalq da dövlətin apardığı bu siyasətə dəstək verməli, tarixi unutmadan, lakin gələcəyə ümidlə baxaraq sülh prosesinə töhfə verməlidir. Yalnız bu halda Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mümkün ola bilər”.
Psixoloq Nizami Orucov da bildirib ki, müharibə təkcə fərdlərdə deyil, bütöv cəmiyyətin psixikasında dərin izlər buraxır:
“Əsas kollektiv travmalar arasında davamlı təhlükə hissi, itki və yasın kollektivləşməsi, ədalətsizlik və qisas duyğusu, həmçinin etimadın sarsılması ön plana çıxır. İnsanlar uzun müddət “təhlükəsiz dünya” inancını itirir və bu, cəmiyyətin reflekslərinə çevrilir. Nəticədə qoruyucu, amma sərtləşmiş bir psixoloji mövqe formalaşır: “Bir daha eyni ağrını yaşamamaq üçün hər şeydən ehtiyatlı olmalıyıq". Çünki əməkdaşlıq travmalı psixikada çox vaxt təslim olmaq, unutmaq məcburiyyəti və ya yenidən incinmə riski kimi şərh olunur. Müharibə təcrübəsi insanlara “qarşı tərəf təhlükəlidir” mesajını şərti refleks kimi öyrədir. Bu vəziyyətdə əməkdaşlıq rasional seçimdən çox, emosional təhlükə siqnalı yaradır. Qorxu burada zəiflikdən yox, özünü qoruma instinktindən qaynaqlanır. Zaman travmanın kəskinliyini azalda bilər, amma onu öz-özünə sağaltmır. Əgər travma işlənmirsə, sadəcə susdurulur və nəsildən-nəslə ötürülə bilir. Xüsusi psixoloji dəstək ,fərdi terapiya, qrup terapiyaları, kollektiv yaddaşla işləyən sosial proqramlar, travmanın sağlam şəkildə inteqrasiya olunması üçün vacibdir. Sağalmış cəmiyyət əməkdaşlığı təhlükə kimi yox, seçim və imkan kimi görə bilir”.
Cavahir Əsgərbəyli
