00:00:00
Yazar
Ayan Sədi
12.04.2026 13:51 18 2 dəq oxuma
Sosial

Ucuz və oyuncaq eynəklərdəki gizli təhlükə: Keyfiyyətsiz günəş eynəkləri torlu qişanı zədələyir

Ucuz və oyuncaq eynəklərdəki gizli təhlükə: Keyfiyyətsiz günəş eynəkləri torlu qişanı zədələyir

Yay aylarında günəş şüalarından qorunmaq üçün istifadə etdiyimiz tünd eynəklər düzgün seçilmədikdə göz sağlamlığı üçün ciddi təhdidə çevrilir. Bazarda ucuz qiymətə təklif olunan, lakin heç bir qoruyucu filtri olmayan eynəklər əslində gözlərimizi günəşdən qorumaq əvəzinə, zərərli şüaların birbaşa gözün dibinə nüfuz etməsinə şərait yaradır. 

 

Mövzu ilə bağlı həkim-oftalmoloq Ergün Rəşidəlizadə "İnformator.az"a açıqlamasında bildirib ki, keyfiyyətsiz eynək taxmaq, heç eynək taxmamaqdan daha təhlükəlidir:

 

"Keyfiyyətsiz günəş eynəklərində şüşənin hazırlanma qaydası və optik quruluşu standartlara cavab vermir. Nahamar səthlər optik aberasiyalar yaradır ki, bu da şüaların qeyri-düzgün sınması nəticəsində görüntünün bulanıqlaşmasına və gözün gün ərzində tez yorulmasına səbəb olur. Ən əsası, əgər eynək şüşəsi ultrabənövşəyi (UB) şüaları saxlamırsa, onun qoruyucu funksiyası sıfıra enir. Bu cür şüalar altında uzun müddət qalmaq torlu qişaya birbaşa zərərli təsir göstərə bilər".

 

Mütəxəssis valideynləri uşaqlar üçün oyuncaq mağazalarından alınan rəngli eynəklərlə bağlı xüsusilə xəbərdar edib. Onun sözlərinə görə, uşaq gözü inkişafda olduğu üçün yanlış seçim geri dönülməz fəsadlar yarada bilər:

 

"Uşaqlarda profilaktik yoxlanışlar mütləqdir, çünki onlar gözlərindəki patologiyanı hiss etməyə bilərlər. Oyuncaq dükanlarında satılan eynəklər optik standartlara uyğun deyil. Eynəklər yalnız ixtisaslaşmış optikalardan alınmalıdır. Uşaqlar üçün polikarbonat materialdan olan şüşələrə üstünlük verilməlidir, çünki onlar sınarkən az qəlpələnir və daha təhlükəsizdir. Həmçinin eynək çərçivəsi burun və qulaqarxası nahiyələri sıxmamalıdır ki, qan dövranı pozulmasın. Əks halda, bu, uşaqlarda tez yorulma və əsnəmə kimi hallara yol açır".

 

Alıcıların eynəyin keyfiyyətini necə yoxlaya biləcəyinə toxunan Ergün Rəşidəlizadə mağazalarda tətbiq olunan bəzi test üsullarını qeyd edib:

 

"Bəzi mağazalarda Polaroid eynəkləri yoxlamaq üçün xüsusi test şəkilləri olur; eynəyi müəyyən istiqamətdə çevirdikdə görüntünün dəyişməsi onun orijinallığını göstərir. Həmçinin ultrabənövşəyi fənərlər vasitəsilə eynəyin şüanı bloklayıb-bloklamadığını xüsusi panellərdə yoxlamaq mümkündür. Digər hallarda isə yalnız mağazanın dürüstlüyünə və ya seçilən brendin etibarlılığına əsaslanmaq lazımdır".

 

Günəş eynəyi sadəcə bir dəb aksesuarı deyil, görmə qabiliyyətimizi qoruyan tibbi vasitədir. Ucuz və keyfiyyətsiz seçimlər etməklə göz bəbəyini və torlu qişanı zərbə altında qoymamaq üçün mütəxəssis rəyinə və peşəkar optika məsləhətinə etibar etmək ən doğru addımdır.

 

Lalə Əhməd

#eynəklərdəki #eynəkləri #qişanı #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər