“Müharibəni bir həftə ərzində bitirərdik”
“Rusiya iqtisadiyyatı cəhənnəmə doğru gedir. Onlar hər şeyi bombalayırlar, amma çox az torpaq ələ keçirirlər — bəlkə heç ələ keçirmirlər. Üstəlik, bəzi torpaqları da itirirlər. Bu müharibə çoxdan bitməli idi. Əgər bu bizim müharibəmiz olsaydı, bir həftə ərzində bitirərdik”.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın “müharibəni bir həftəyə bitirərdik” açıqlaması daha çox siyasi ritorika xarakteri daşıyır:
“Müasir müharibələr çoxsaylı aktorların, mürəkkəb hərbi-texniki imkanların və dərin geosiyasi maraqların toqquşduğu müstəvidə gedir. Ona görə də qısa müddətdə münaqişəni bitirmək real görünmür. ABŞ-nin hərbi gücü və diplomatik təsir imkanları nəzərə alınsa belə, bir həftəlik vaxt çərçivəsi daha çox ictimaiyyət qarşısında liderlik və güc nümayişi məqsədini əks etdirir.
ABŞ-nin hazırkı mövqeyi müharibənin gedişatına mühüm təsir göstərməkdədir. Vaşinqtonun Ukraynaya hərbi, maliyyə və diplomatik dəstəyi müharibənin uzanmasında əsas amillərdən biridir. Eyni zamanda, ABŞ münaqişənin gedişinə yalnız hərbi yardımlarla deyil, həm də beynəlxalq siyasi platformalarda təsir göstərir. Bu mövqe balanslı şəkildə davam edərsə, döyüş meydanındakı tarazlıq bir müddət qorunacaq, lakin qəti yekun hələ də uzaqda görünür.
Rusiya iqtisadiyyatının zəifləməsi isə müharibənin sonunu sürətləndirə biləcək amillərdən biridir. Enerji resurslarından gələn gəlirin azalması, sanksiyaların təsiri və istehsal sahələrindəki itkilər Moskvanın müharibə aparmaq qabiliyyətinə zərbə vurur. Lakin iqtisadi zəifləmə hər zaman sürətli siyasi nəticələr doğurmur. Kreml daxili resursları səfərbər etməklə və alternativ tərəfdaşlarla əməkdaşlıqla vəziyyəti uzatmağa çalışır. Buna baxmayaraq, iqtisadi təzyiqin uzunmüddətli təsiri müharibə dinamikasında dönüş nöqtəsi yarada bilər”.
Fatimə Heydərova
