“Müharibənin dayanmasını ilk növbədə Rusiya və Ukrayna istəməlidir”
İtaliya Ukraynaya hərbçi göndərməyəcək, lakin hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukrayna hüdudlarından kənarda təhlükəsizlik və monitorinq fəaliyyətlərində iştirak edə bilər.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, İtaliya Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair məsələ ortaya çıxan andan etibarən öz hərbçilərini Ukrayna ərazisinə göndərməyəcəyinə dair mövqe ortaya qoyub:
“İndi də verilən bəyanatlar göstərir ki, İtaliyanın mövqeyində hər hansı bir dəyişiklik baş verməyib. Məlumdur ki, hazırda ölkələrin müvafiq təhlükəsizlik sxemində necə iştirak edə biləcəklərinə dair qızğın müzakirələr aparılır və bu məqsədlə də hər bir ölkə təhlükəsziliyə necə və hansı şəkildə töhfə verə biləcəyini bəyan edir. Məsələn, ABŞ-də elə İtaliya kimi Ukrayna ərazisinə hərbçilərini göndərməyəcəyini bildirib. Amma ehtiyac halında hava və kəşfiyyat dəstəyi verə biləcəyinə dair bəyanatla çıxış edib. Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələr birbaşa hərbi birliklər yerləşdirə biləcəklərini deyiblər. Türkiyə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunmasından sonra xüsusilə dəniz təhlükəsziliyi məsələsini öz üzərinə götürə və istər dəniz, istərsə də sahil boyu xüsusilə də ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təminatında iştirak edə biləcəyinə dair mövqe bildirib. Başqa sözlə kim, hansı formada Ukrayna təhlükəsizliyində iştirak edə bilərsə ona uyğun da öhdəliklər götürür. Amma məsələ burasındadır ki, götürülən öhdəliklər və verilən bəyanatlara uyğun olaraq hansısa fəaliyyətin həyata keçirilməsi üçün ilk növbədə müharibənin dayandırılması lazımdır. Bunun üçün isə təkcə beynəlxalq birliyin istəyi yetərli deyil”.
Həmçinin şərhçi qeyd edib ki, müharibənin dayanmasını ilk növbədə Rusiya və Ukrayna istəməlidir:
“Amma Rusiyanın şərtləri hər nə qədər əvvəlki şərtlərlə müqayisədə Rusiya tərəfi müəyyən qədər geri addım atsa da hələ də sülhün əldə edilməsinə və ya ən azından müharibənin dayandırılmasına imkan vermir. Belə ki, Rusiya əvvəlki kimi işğal altında saxladığı bütün ərazilərin Rusiya ərazisi olaraq tanınmasında deyil, yalnız Donbasın onlara verilməsini istəyir. Başqa sözlə desək Donbasın hələ işğal altında olmayan 25-30 faiz ərazisindən Ukrayna qoşunlarının çıxarılması fonunda digər istiqamətlərdə cəbhə xəttinin dondurulmasını təklif edir. Ukrayna Prezidentinin isə bunu qəbul etməsi mümkün deyil, çünki ərazi güzəşti təhbaşına verilə biləcək qərar deyil. Ukrayna Konstitusiyası da bunu qadağan edir. Xalqın isə bu qədər itkilərdən sonra belə bir şeyə “hə” deməsi inandırıcı deyil. Ukrayna Donbasın qeyd olunan ərazilərindən, Rusiya isə Xarkov və Sumidən geri çəkilməlidir. Ərazilər Rusiyanın nəzarətində qalsa da heç kim Rusiya ərazisi olaraq tanımır, atəşkəs elan olunur və uzun müddətli diplomatik danışıqlar dövrü başlayır. Yəni Azərbaycan və Ermənistan arasında olduğu kimi. Ərazilərimiz erməni işğalı altında olsa da heç kim tərəfindən tanınmayıb və bir danışıqlar dövrü başlayıb. Belə olacağı halda bu Ukraynaya toparlanmaq, güclənmək, öz silahlı qüvvələrini möhkəmləndirmək, silah sənayesini inkişaf etdirmək və ən əsası da infrastrukturunu bərpa etmək və Avropa İttifaqı ilə daha sıx inteqrasiya üçün imkan verə bilər. Amma Rusiya atəşkəs yox, birbaşa sülh istəyir və Donbasın Rusiya ərazisi olaraq tanınmasında israr edərək elə şərtlər irəli sürür ki, sülh də mümkün olmur. Üstəlik Rusiya hər gün Ukrayna ərazilərini bombardman etməklə və həm də mülki obyektləri hədəfə almaqla, Ukrayna ərazisində Azərbaycan da daxil olmaqla ayrı-ayrı ölkələrin və beynəlxaq təşkilatların diplomati nümayəndəlikləri yerləşən ərazilərə zərbələr endirməklə sülhdə maraqlı olmadığını göstərir. Odur ki, bu şərtlər daxilində danışıqların hər hansı müsbət sonluqla nəticələnməsi ehtimalı olduqca aşağıdır”.
Aysel Mirzəyeva