Macarıstan strateji planda Azərbaycanın yanındadır
Viktor Orban bildirib ki, Macarıstan strateji planda Azərbaycanın yanındadır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Viktor Orban Macarıstanın Baş naziridir və Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında marağı olan, xüsusi rol oynayan şəxslərdəndir:
“Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb, bir il sonra da diplomatik əlaqələr qurulub. O vaxtdan bəri ikitərəfli əlaqələr inkişaf yolunda irəliləməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Görüşdə Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirilib. Bu, ölkələr arasında diplomatik əlaqələrin yüksək səviyyədə olmasını göstərir. Eyni zamanda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulub. Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakının vurğulanması Macarıstanın Qarabağın quruculuğundakı rolunun təqdir olunması anlamına gəlir. Azərbaycan və Macarıstan arasında 2014-cü ildə Budapeştdə streteji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb və bu bəyannamə bir çox sahələrdə hər iki ölkənin əlaqələrini nəzərdə tutur. Ölkələr arasında səmərəli, məhsuldar əlaqələr davamlı şəkildə inkişaf etməkdədir və Azərbaycanın həm regionda həm də dünyada getdikcə artan nüfuzu, güclənməsi bu əlaqələrin daha geniş şəkildə inkişafına maraq yaradır“.
Reyhan Quliyeva
