“Macarıstanın Ukraynaya münasibəti Aİ-də fərqli mövqe kimi qiymətləndirilir”
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ölkəsi Ukraynadan heç bir güzəşt və ya yardım tələb etmir və gələcəkdə də bu istiqamətdə təşəbbüs göstərməyəcək. O, Kiyev və Brüssel münasibətlərinə dair qərarların yalnız Macarıstanın milli maraqları əsasında veriləcəyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında qeyd edib ki, Viktor Orbanın bu bəyanatı əslində Macarıstanın uzun müddətdir davam edən “neytral, amma sərhədsiz tənqidi” siyasətinin davamıdır:
“Macarıstan hökumətinin Ukraynaya münasibəti Avropa İttifaqında fərqli mövqe kimi tanınır. Orban illərdir Kiyevin hərbi və maliyyə dəstək proqramlarına ehtiyatla yanaşır. Bu sadəcə anti-Ukrayna mövqeyi deyil, həm də anti-müharibə ritorikasıdır. Orban hesab edir ki, Avropa İttifaqı Ukrayna məsələsində çox emosional davranır və ABŞ-nin təsiri altında qərarlar verir. Onun fikrincə, bu siyasət nəticədə Avropa ölkələrinin iqtisadi və sosial sabitliyinə zərbə vurur. Orbanın son bəyanatı da həmin xəttin davamıdır, yəni Macarıstan öz təhlükəsizliyini və rifahını Ukrayna ilə münasibətlərdən asılı vəziyyətə gətirmək istəmir. Bu yanaşma bir tərəfdən Macarıstanın milli suverenlik prinsipinə əsaslanır, digər tərəfdən isə Avropa Birliyi daxilindəki gərginlikləri daha da artırır. Macarıstanın ‘biz Ukraynadan heç nə istəmirik’ deməsi əslində Avropa İttifaqına ünvanlanmış bir mesajdır. Orban göstərmək istəyir ki, Budapeşt Aİ-nin diktə etdiyi siyasətə kor-koranə tabe olmayacaq. O, Brüsselə açıq şəkildə bildirir ki, Macarıstanın təhlükəsizlik təminatı NATO çərçivəsində mövcuddur və bu məsələdə Ukraynaya heç bir rol verilmir”.
Həmçinin şərhçi qeyd edib ki, Macarıstanın maraqları, xüsusən enerji, sərhəd təhlükəsizliyi və iqtisadi sabitlik baxımından Rusiyayla dialoqa davam etməyə əsas verir:
“Bu da onu Avropa daxilindəki digər dövlətlərdən fərqləndirir. Orbanın bu mövqeyi Kiyev-Budapeşt münasibətlərində gərginliyi dərinləşdirə bilər, lakin onun daxili siyasi auditoriyası üçün bu açıqlamalar ciddi dəstək qazanır. Macarıstan cəmiyyətində Ukraynaya yardım məsələsinə qarşı müəyyən narazılıq var. İnsanlar hesab edir ki, ölkənin resursları öz iqtisadi problemlərinə sərf edilməlidir. Orban da bu sentimenti ustalıqla istifadə edir. O, bir tərəfdən Brüssellə açıq mübahisəyə girmir,digər tərəfdən daxildə milli maraqları qoruyan lider obrazını möhkəmləndirir. Bu da ona daxili siyasətdə reytinq üstünlüyü qazandırır. Ukrayna ilə münasibətlərin pisləşməsi, əslində, onun üçün siyasi risk deyil, əksinə, daxildə populist mövqeləri gücləndirən bir faktordur. Avropa Birliyi daxilində Ukrayna məsələsi artıq dərin fikir ayrılığı yaradıb və Orbanın bu çıxışı həmin parçalanmanı daha da aydın göstərir. Brüsseldə Ukraynaya maliyyə dəstəyi və silah yardımı məsələsində konsensus pozulub. Macarıstan kimi ölkələr hesab edir ki, bu qədər böyük maliyyə yükü Avropanın sosial sabitliyini pozur. Fransa və Almaniya bu məsələni strateji məsələ kimi görür, amma Macarıstan və bir neçə Şərqi Avropa ölkəsi hesab edir ki, bu müharibə Avropa üçün sonsuz xərclər yaradır. Orbanın “biz bunu xahiş etmədik” ifadəsi bu mübahisənin simvoluna çevrilib. Yəni Budapeşt demək istəyir ki, Avropanın Ukrayna uğrunda hər addımına avtomatik dəstək vermək məcburiyyətində deyil”.
Son olaraq politoloq qeyd edib ki, Macarıstanın bu siyasəti Avropa İttifaqının ümumi birliyinə birbaşa təhlükə yaratmasa da, uzunmüddətli perspektivdə Aİ daxilində Şərq-Xənub bloklaşmasını gücləndirə bilər:
“Macarıstan, Slovakiya və qismən Serbiya Rusiyayla əlaqələri kəsmək istəmir. Bu da onları Qərbi Avropadan fərqləndirir. Nəticədə, Avropa İttifaqında yeni bir siyasi balans formalaşır. Bir tərəfdə Ukraynaya sərhədsiz dəstək verən Fransa, Almaniya və Polşa, digər tərəfdə isə bu siyasəti təhlükəli avantüra adlandıran Macarıstan və bəzi Mərkəzi Avropa dövlətləri dayanır. Bu balans gələcəkdə Avropanın ümumi təhlükəsizlik arxitekturasını dəyişə bilər. Orbanın bəyanatı qısa müddətdə regionda konkret siyasi dəyişikliklər yaratmasa da, Avropa Birliyinin Ukrayna siyasətinin gələcək istiqamətinə təsir göstərəcək. Avropa artıq Ukraynaya dəstəyin sərhədlərini müəyyən etməyə başlayıb. ABŞ-də də siyasi rüzgarlar dəyişir, Trampın qayıdışı ehtimalı Avropanı öz resurslarını daha diqqətli bölməyə məcbur edir. Bu mənada Orbanın dedikləri həm Avropada, həm də regionda gələcək müzakirələrin tonunu müəyyənləşdirə bilər. O, demək istəyir ki, Avropa sonsuza qədər bu müharibəni daşıya bilməz, hər ölkə öz maraqlarını düşünməlidir. Bu, həm tənqid olunan, həm də reallığı əks etdirən bir mövqedir”.
Ayşə Müzəfərli
