00:00:00
Yazar
Admin User
18.12.2025 18:24 115 3 dəq oxuma
Siyasət

Madurodan ABŞ-yə sərt mesaj

Madurodan ABŞ-yə sərt mesaj

ABŞ-nin əsl məqsədi Venesuelanı müstəmləkəyə çevirəcək “kukla hökumət” qurmaq üçün rejim dəyişikliyidir. Bu, heç vaxt baş verməyəcək. Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

 

“Trampın bəyanatı ABŞ-nin faktiki olaraq rejim dəyişikliyinə, eləcə də Venesuela ərazisinə və resurslarına sahib olmağa can atdığını göstərir. Bu, sadəcə olaraq, müharibə qızışdırması və müstəmləkəçilikdir. Biz bunu dəfələrlə demişik və indi hamı həqiqəti görür. Həqiqət üzə çıxıb”, - Maduro bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı açıqlama verib:

 

“Açığı, nə qədər qəribə görünsə də, Venesuela Prezidenti Nikolas Maduronun səsləndirdiyi fikirlərdə həqiqət payının yüksək olduğunu düşünürəm. Çünki son 20–25 il ərzində ABŞ tərəfindən bu tip müdaxilələrin bir sıra ölkələrə qarşı həyata keçirildiyinin şahidi olmuşuq. 2001-ci ildə Əfqanıstan, 2003-cü ildə isə İraqa qarşı başladılan hərbi əməliyyatlar buna bariz nümunədir.

 

Həmin dövrlərdə də oxşar ittihamlar irəli sürülmüş, ölkə rəhbərləri və mövcud hakimiyyət “terrorçu” kimi təqdim edilib. Məsələn, 2003-cü ildə Səddam Hüseyn rejimi terrorçu rejim kimi qələmə verilmiş, bu ittihamlar əsasında İraqa müdaxilə edilib. Nəticədə ölkənin zəngin neft ehtiyatlarına nəzarət əldə olundu, Səddam Hüseyn isə Qurban bayramı günü edam edilib Bu gün Venesuelaya qarşı səsləndirilən ittihamların mahiyyəti də oxşardır. Venesuela dünyanın ən zəngin neft ehtiyatlarına malik ölkələrindən biridir və hesab edirəm ki, ABŞ-nin əsas hədəflərindən biri də məhz bu neft yataqlarıdır. Maduronun hakimiyyətdə qalmasında Rusiya Prezidenti Vladimir Putinin dəstəyi mühüm rol oynayır. Bu fakt isə istər Tramp administrasiyası, istərsə də ümumilikdə ABŞ siyasi dairələri tərəfindən qəbul edilmir”. 

 

C.Abbaslı qeyd edib ki, ABŞ-nin Venesuelanın Rusiya ilə yaxın əlaqələrinə qısqanclıqla yanaşması və bu ölkəni siyasi baxımdan zəiflətməyə çalışması regionda suverenlik anlayışının pozulması deməkdir:

 

“Bu, bir dövlətin müstəqilliyinin və daxili işlərinə qarışılmaması prinsipinin faktiki olaraq təhlükə altına düşməsi anlamına gəlir. Demokratiya və insan haqlarından danışan bir ölkənin bu dəyərləri başqa niyyətlərin arxasında gizlədərək digər dövlətlərə qarşı tətbiq etməsi yol verilməzdir.

 

Son illərdə bu cür proseslərin nəticələrini açıq şəkildə görmüşük. Əfqanıstandan başlayan bu zəncir İraqla davam etdi, 2011-ci ildə “Ərəb baharı” adı altında bir sıra Yaxın Şərq və Şimali Afrika ölkələri xaosa sürükləndi. Bu gün Liviya hələ də sabitliyə qovuşa bilmir, Misirdə vəziyyət kövrəkdir, Tunis və Livanda da ciddi problemlər mövcuddur. Bu baxımdan Maduronun ABŞ-ni müstəmləkəçilik niyyətində ittiham etməsi tamamilə əsassız görünmür. Amerikanın məqsədi Venesuelaya daxil olmaq və bu ölkənin strateji resurslarına nəzarəti ələ keçirməkdir ki, bu da müasir müstəmləkəçilik formalarından biri hesab edilə bilər.

 

Digər tərəfdən, Tramp administrasiyasının Venesuelaya qarşı birbaşa hərbi müdaxiləsini hazırkı mərhələdə real hesab etmirəm. Çünki ABŞ hazırda Ukrayna müharibəsi fonunda Rusiya ilə həssas diplomatik proseslər aparır. Venesuelaya hərbi müdaxilə Moskva ilə münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb ola bilər. Düşünürəm ki, ABŞ Venesuela məsələsində daha çox psixoloji və diplomatik təzyiq alətlərindən istifadə etməyə çalışır. Maduronun son açıqlamaları isə göstərir ki, Venesuela asanlıqla təslim olmayacaq. Rusiya amili də nəzərə alındıqda, Karakasın bu təzyiqlərə müqavimət göstərməsi ehtimalı yüksəkdir. Bütün bunları nəzərə alsaq, yaxın dövrdə Venesuelaya qarşı birbaşa hərbi müdaxilənin baş verəcəyi inandırıcı görünmür”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər