00:00:00
Yazar
Elmira Ağayeva
17.07.2026 21:36 24 3 dəq oxuma
Sosial

Mağazalarda günəş altında saxlanılan su butulkaları sağlamlıq üçün təhlükəlidirmi?

Mağazalarda günəş altında saxlanılan su butulkaları sağlamlıq üçün təhlükəlidirmi?

 

Yay mövsümündə bəzi mağazalarda içməli su butulkalarının birbaşa günəş şüaları altında saxlanılması istehlakçılar arasında narahatlıq doğurur. Bu vəziyyətin suyun keyfiyyətinə və insan sağlamlığına mümkün təsirləri son dövrlərdə geniş müzakirə olunan məsələlərdən biridir.

 

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, su üçün istifadə olunan plastik butulkalardan mümkün qədər az istifadə etmək lazımdır: 


"Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün artıq plastik qablar, qida və su qablaşdırmaları, eləcə də geyimlərimizin əksəriyyətində istifadə olunan sintetik xammallar həyatımızın demək olar ki, hər sahəsini əhatə edir. Bu məhsulların tərkibindəki mikroplastiklər sağlamlığımıza dərhal yox, orqanizmdə yığılaraq müəyyən zamandan sonra mənfi təsir göstərir. Hazırda iqlim dəyişikliyi, həmçinin plastik kütlələrin ekosistemə və biosferə vurduğu zərərləri, dünyada keçirilən qlobal tədbirləri nəzərə alaraq, həyatımızın hər bir sahəsində plastik istifadəsini mütləq azaltmalıyıq. İlk növbədə, aldığımız qidaların plastik qablarda satışa çıxarılmasına diqqət yetirməliyik. Bu qabların daşınması və saxlanılması bəzən uzun müddət çəkir və biz onları evdə günlərlə həmin plastiklərdə saxlayırıq. Lakin temperatur rejimi dəyişdikdə və ya istilik yüksəldikdə, plastik qabların tərkibindəki mikroplastiklər asanlıqla yeməyə və suya keçərək insan orqanizminə daxil olur. Bunun qarşısını almaq üçün qidaların təzə və təbii olmasına diqqət etməliyik. Mümkünsə, yerli və mövsümi meyvə-tərəvəzləri açıq şəkildə almalı, evə gətirdikdən sonra sanitar-gigiyena qaydalarına uyğun yumalıyıq. Əgər qidaları plastik qablarda almışıqsa, evə gələn kimi onları dərhal digər yararlı qablara boşaltmalıyıq.
​Xüsusilə su üçün istifadə olunan plastik butulkalardan mümkün qədər az istifadə etmək lazımdır. Gündəlik həyatda şüşə qablara üstünlük verməliyik. Plastik butulkalardan istifadə etdikdə isə onların soyuq temperaturda saxlanılmasına, birbaşa günəş işığına və yüksək istiliyə məruz qalmamasına diqqət yetirməliyik. Aldıqdan sonra isə bu qabları yalnız bir dəfə istifadə edib atmalıyıq. Geyim və parça seçərkən də təbii materiallara, məsələn pambıq, yun və kətana üstünlük verilməlidir. Bu gün bir çox məşhur geyim brendləri təbiət dostu olmaq bəhanəsi ilə təkrar emal edilmiş plastikdən geyimlər hazırlayaraq satışa çıxarırlar. Lakin bu sintetik geyimlər əslində mikroplastiklərin ətraf mühitə yayılmasını daha da sürətləndirir. Ona görə də təbii materialları qorumalı və geyim seçimində də israfa yol verməməliyik. Digər tərəfdən, istifadə etdiyimiz gigiyenik vasitələrin də əksəriyyətinin tərkibində mikroplastiklər mövcuddur. Onların qablaşdırılmasında və hazırlanmasında ekoloji təmizliyə mütləq diqqət yetirilməlidir. Həmçinin, içi boşalmış plastik qabları evdə fərqli məqsədlər üçün yenidən istifadə etmək düzgün deyil. Hər bir qabın müəyyən istifadə müddəti və qaydaları var. Bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş qablar dərhal atılmalıdır. Plastiklərin təbiətdə 400 ildən 1000 ilə qədər çürüməməsi ətraf mühitə və birbaşa insan sağlamlığına ciddi zərər vurur. Plastik tullantıların təbiətdə bu qədər qalmasının qarşısını almaq üçün onları çeşidləməliyik. Bu sahədə davamlı maarifləndirmə aparılmalı, təkrar emal tədbirləri görülməlidir. Ekologiyamızı qorumaq fərdi məsuliyyət deyil, qlobal səviyyədə ölkəmizi, cəmiyyətimizi və dünyamızı xilas etmək üçün mütləq şərtdir".

 

Samirə Allahverdizadə

#Mağaza #sağlamlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər