Nağd pul dövrü bitir? - Azərbaycanda nağdsız ödənişlər nə qədər təhlükəsizdir?
Bank kartları və mobil tətbiqlər vasitəsilə ödənişlər gündəlik həyatın mühüm hissəsinə çevrilib. Bununla yanaşı, kiberdələduzluq, kart məlumatlarının oğurlanması və elektron fırıldaqçılıq halları da aktual problem olaraq qalır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, nağdsız ödənişlər rəqəmsal iqtisadiyyatın əsas elementlərindəndir.
"Nağdsız ödənişlərin artması iqtisadiyyatın rəqəmsallaşması prosesinin mühüm tərkib hissəsidir. Əslində, bu iki proses bir-biri ilə sıx bağlıdır. İqtisadiyyatın rəqəmsallaşması nağdsız ödənişlərin genişlənməsi olmadan mümkün deyil. İnsanların məhsul və xidmətləri elektron mühitdə görməsi, seçməsi, sifariş verməsi və ödənişləri rəqəmsal formada həyata keçirməsi bu prosesin əsas komponentlərindəndir".
Onun sözlərinə görə, kölgə iqtisadiyyatının genişlənməsi məhdudlaşır:
"Nağdsız ödənişlərin genişlənməsi iqtisadiyyatda şəffaflığın artmasına, kölgə iqtisadiyyatının məhdudlaşdırılmasına və vergidən yayınma riskinin azalmasına səbəb olur. Bunun əsas səbəbi nağdsız hesablaşmalar zamanı bütün əməliyyatların elektron şəkildə qeydə alınmasıdır.
Beləliklə, maliyyə əməliyyatlarının izlənilməsi asanlaşır, gəlirlərin gizlədilməsi və vergidən yayınma imkanları məhdudlaşır. Bu da vergi daxilolmalarının artması üçün əlverişli şərait yaradır".
Fatimə İbrahimova