Makron böhrandan çıxış üçün bəyanat verəcək
Fransa prezidenti Emmanuel Makron çərşənbə günü axşam ölkədəki siyasi böhrandan çıxış yolları ilə bağlı bəyanatla çıxış edəcək. Dövlət başçısının bu addımı, istefa verən Baş Nazir Sebastien Lekornyuya siyasi partiyalarla məsləhətləşmək üçün verdiyi 48 saatlıq müddətin başa çatmasından sonra gözlənilir. Makron, Milli Assambleyanın buraxılması ehtimalını da istisna etməyib.
Mövzu ilə bağlı “İnformator.az”a danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Fransada siyasi böhran artıq bir ilə yaxındır davam edir:
“Bu böhran 2024-cü ilin seçkilərində ultra sağ qüvvələrin qalib gəlməsindən sonra dərinləşməyə başlayıb. Hökumət daxilində narazılıqlar artdı və nəticədə Makronun yaxın silahdaşı olan Baş Nazir istefa verməli olub. Onun yerinə təyin olunan yeni Baş Nazir isə cəmi bir ay öncə vəzifəyə gətirildi, lakin hökumətin iclasını keçirməyə belə imkan tapmadan istefa verməli oldu. Hazırda Fransa faktiki olaraq hökumətsiz qalıb”.
Ekspertin sözlərinə görə, yaranmış vəziyyət yeni parlament seçkilərini labüd edə bilər:
“Gözlənilir ki, bu seçkilərdə yenidən ultra sağ qüvvələr üstünlük qazansınlar. Bu isə Makronun siyasi fəaliyyət imkanlarını xeyli məhdudlaşdıracaq və onun karyerasına mənfi təsir göstərəcək. Əgər yeni parlament seçkiləri elan olunsa, bu proses dərin siyasi qarşıdurma və böhran şəraitində keçəcək. Hazırkı vəziyyət yalnız Fransaya deyil, ümumilikdə Avropa ölkələrinə də xas tendensiyanın nəticəsidir. Avropanın əksər ölkələri hazırda dərin iqtisadi böhran şəraitindədir. Bu fonda ultra sağ qüvvələr siyasi səhnədə daha çox nüfuz qazanır və sosial bazalarını genişləndirirlər. Fransada bu prosesin müşahidə olunması isə gələcəkdə Avropada oxşar siyasi meyllərin güclənəcəyindən xəbər verir”.
Ayan Eyvazova
