Makron get, AB-dən çıxaq!
Parisdə Fransa Prezidenti Emmanuel Makronun istefası, ölkənin Avropa Birliyi və NATO-dan çıxması üçün aksiyalar keçirilib.
Bu barədə TASS məlumat yayıb.
Nümayişçilər Monparnas bulvarından Luvr muzeyinə yürüş edərək “Makron, get!”, Avropa Birliyindən çıx!”şüarları səsləndiriblər. Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkədəki vəziyyəti qarışıq adlandırıb və AB-dən, NATO-dan çıxmağın zəruri olduğunu bildirib.
Mövzu ilə bağlı Alyans Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Fransada Avropa Birliyi və NATO-dan çıxmaq tələbi Makronun apardığı siyasətlə heç bir şəkildə əlaqəli deyil:
“Əksinə, onun dövründə Fransa beynəlxalq nüfuzunu daha da artırıb. Makronun təşəbbüsü ilə Avropa Siyasi Birliyi yaradılıb və Fransa Avropada liderlik mövqeyini daha da gücləndirib.Bu səbəbdən Makronu günahlandırmaq və Avropa Birliyi ilə NATO-dan çıxmaq tələbləri səsləndirmək ucuz müxalifətçilikdən başqa bir şey deyil. Fransa nə Avropa Birliyini, nə də NATO-nu tərk etmək kimi məntiqsiz və strateji baxımdan zərərli addım atmaz.
Baxmayaraq ki, Trampın prezidentliyi dövründən sonra NATO daxilində müəyyən böhran yaşanıb və dünyanın ən böyük hərbi alyansı bir sıra ciddi problemlərlə üzləşib, bu, Fransanın ittifaqdan çıxacağı anlamına gəlmir”.
A.Səmədov qeyd edib ki, Fransadakı müxalif qüvvələrdən biri olan Florian Filippo ölkədəki siyasi böhranı hökumətin təyinatları və idarəetmə strukturu ilə əlaqələndirib:
“O, Nazirlər Kabinetinin əslində yalnız büdcə təqdim edən bir quruma çevrildiyini, ardıcıl baş nazir və nazirlərin istefasının, yenidən vəzifəyə qaytarılmasının və hökumət böhranlarının bunun nəticəsi olduğunu bildirib. Filippo bu vəziyyətə görə Makronu günahlandırıb və onun istefasını tələb edib”.
A. Səmədov son olaraq açıqlamasında bildirib ki, bu aksiyaların Fransa və Avropa siyasətinə təsirinə gəlincə, onların Fransanın daxili siyasətinə müəyyən qədər təsiri ola bilər, lakin bu təsirin böyük olacağı gözlənilmir:
“Avropa siyasətinə isə ümumiyyətlə ciddi təsir göstərə bilməz. Belə aksiyalar Avropa ölkələrində zaman-zaman keçirilir və normal siyasi prosesin bir hissəsi hesab olunur.Əsas məsələ ondan ibarətdir ki, Makron hazırda hakimiyyətinin ən çətin dövrlərindən birini yaşayır. Hökumət daxilindəki problemlər bitmir və yaxın zamanda da bunun dəyişəcəyi görünmür. O, vəziyyətdən çıxış yolu tapmağa çalışsa da, hələlik bu istiqamətdə real nəticə əldə edə bilmir. Əgər bu proses belə davam etsə, görünür, Makron vəziyyəti nəzarətə götürməkdə daha da çətinlik çəkəcək”.
Ləman Mahmudlu
