Makron üçüncü dəfə prezident seçiləcək?
Fransa konstitusiyası Emmanuel Makronu küncə sıxışdırıb. Mövcud qanunlara görə, Makron 2027-ci ildə 49 yaşında məcburən təqaüdə çıxacaq. Belə ki, 2008-ci ildə konstitusiyaya əlavə edilən yeni müddəaya, yəni 6-cı maddəyə görə, "Respublika Prezidenti səsvermə yolu ilə beş il müddətinə seçilir" və "heç kəs 2 dəfədən artıq ardıcıl mandat icra edə bilməz".
Elə buna görə də Fransa Prezidenti 2027-ci ildə bitəcək mandatını uzatmaq və yenidən namizədliyini irəli sürməyin yollarını axtarır. Üçüncü dəfə mandat icra etmək niyyətində olan Makron bunun üçün sözügedən qanunu dəyişmək fikrindədir. O, bu məsələni avqustun 30-da partiya liderlərinin mediaya qapalı şam yeməyində də gündəmə gətirib. 12 saatlıq müzakirədən mediaya sızan məlumatlardan aydın olur ki, bu qanun Makron üçün hətta yox statusundadır. Radikal solçulardan olan Jean-Luc Mélenchon (Jan Luk-Melenşan) müxalifət liderləri ilə görüşdə iki müddətli namizədlik məhdudiyyəti ilə bağlı müzakirələr zamanı Makronun bunu "lənətə gəlmiş cəfəngiyyat" adlandırdığını deyib. Siyasi şərhçi Əlimusa İbrahimovun sözlərinə görə, Makron Fransanı avtoritarizmə sürükləyir. “Makron parlamentdə dəstək görmədiyi üçün konstitusiyada istədiyi tənzimləmələri etməkdə çətinlik çəkir. Elə buna görə də parlament liderləri ilə qapalı iclaslar təşkil edərək özünə müttəfiqlər axtarır. Ancaq Fransa mətbuatındakı məlumatlardan da aydın olur ki, Emannuel Makronun 3-cü dəfə namizədlik və 7 illik mandat fikirləri heç də rəğbətlə qarşılanmır. Hazırkı vəziyyət də gündəm olan bir məsələ də var ki, o da 2022-ci ilin noyabrında pensiya islahatları ilə bağlı dolaşan şaiələrdir”. Belə ki, Le Figarodan olan jurnalist Georges Malbrunot islahatın Makronun yenidən prezidentliyə namizədlik irəli sürməsində əsas faktor olduğunu yazıb. Onun iddialarına görə, "2023-cü ildə Makron 49.3-ü maddəyə müraciət edərək pensiya islahatı keçirəcək və daha sonra məclisi buraxacaq. Növbəti addım isə istefa olacaq. Bununla da ikinci mandatını tam yerinə yetirməmiş olan Makron prezidentliyə yenidən öz namizədliyini irəli sürə biləcək. “Makron Fransa dövlətini artıq özünə tabe edib. Konstitusiyay görə, o 2027-ci ildə getməlidir və yenidən seçilə bilməz. Amma məsələ ondadır ki, Makron konstitusiyanın bu şərtindən yan keçmək niyyətindədir. Bu addımlardan biri də parlamentin buraxılması, özünün istefa verməsi və bununla da mandatını tam başa vurmadığı üçün yenidən namizədliyini irəli sürməyə zəmin yaratmaqdır”.
Ekspertlərin fikrincə, Emmanuel Makronun səylərinə baxmayaraq, onun üçüncü dəfə prezident seçilməyi real görünmür. Son bir ildə istər geosiyasi, istər daxili, istərsə də beynəlxalq manevrləri Makronun həm xarici, həm də ölkədaxili siyasi reytinqinə mənfi təsir edib. Fransada keçirilən vaxtaşırı sorğular zamanı məlum olur ki, hazırda prezidentinin reytinqi cəmi 28 faiz təşkil edir. Bu, Makronun siyasi fəaliyyətə başladığı vaxtdan bəri ən aşağı göstəricidir. Mütəxəssislərin qənaətincə, pensiya haqqında qanunun qüvvəyə minməsi siyasətçinin reytinq cədvəllərində daha da geriləməsinə səbəb olacaq.
İSMAYIL
