00:00:00
Yazar
Admin User
09.09.2025 17:19 120 3 dəq oxuma
Siyasət

Makronun "sonu" yaxınlaşır

Makronun "sonu" yaxınlaşır

Fransa xroniki siyasi qeyri-sabitliklə üzləşib və artan maliyyə böhranının öhdəsindən gəlmək iqtidarında deyil. Ölkə təkcə hökumətin dağılmasına deyil, eləcə də prezident Emmanuel Makronun istefasına doğru irəliləyir.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a bildirib ki, Fransada hökumətdəki qeyri-sabitliyin bir neçə səbəbi var:

 

"Öncə Makron 2024-cü ilin yay aylarında seçkiyə gedəndə uğursuzluqla üzləşdi. Hətta orada sağçıların çox ciddi qalib gəlmək şansları var idi. Yalnız ikinci turda müəyyən uzlaşmalarla, digər siyasi qüvvələrlə anlaşmalarla vəziyyəti dəyişə bildilər. Amma vəziyyət kifayət qədər yaxşı dəyişməyib, uğurlu deyil. Son bir ildə isə bir neçə dəfə hökumət istefaya gedib. Belə bir şəraitdə əlbəttə səbəblər çoxdur. Əvvəl ölkənin daxilində kifayət qədər ciddi sosial problemlər, inflyasiya var. Yəni xalqın narazılığı gündən-günə artır. Anlaşılan odur ki, bu hökumətlər daxili problemləri həll edə bilmir. Yəni əslində Makron problemləri həll edə bilmir, amma daha çox özünü beynəlxalq siyasət ilə məşğul olmuş kimi göstərir. Daxili məsələləri, problemləri hökumətə yükləyir. Amma bütün hallarda hökumətin fəaliyyətinə görə prezident də məsuliyyət daşıyır. Anlaşılan odur ki, Avropada bir böhran yaxınlaşır. Əslində Fransa bunu daha dərin hiss edir. Görünür, Makronun idarəçiliyində də bir ciddi nöqsanlar var. Bir şəxsiyyət və siyasətçi olaraq onun nöqsanları, səhvləri üst-üstə yığılıb və belə bir ağır, kritik, böhranlı vəziyyət yaradıb və bu böhranlı vəziyyət təbii ki, qeyri-sabitliyi gücləndirir".

 

Politoloq həmçinin əlavə edib ki, Makronun istefa verməsini ehtimal etmək hələlik real deyil:

 

"Çünki Makron bu problemlərin daha çox hökumət ilə əlaqədar olduğunu söyləyir və çalışır ki, hökumətlə bir məsafə saxlasın. Amma heç kimə sirr deyil ki, bu hökuməti formalaşdıran da odur. Yəni prezident nə qədər kənara çəkilsə də hökumətin fəaliyyətinə görə məsuliyyət daşıyır. Bütün hallarda ona çox ciddi qınaqlar var. Onun nüfuzu olduqca aşağı vəziyyətdədir. Ölkədə gərginlik var. Amma bütün bunlara rəğmən o yəqin ki, ya yenidən hökumət formalaşdırmağa çalışacaq, ya da növbədənkənar parlament seçkilərinə üz tutacaq. Hər halda mən ehtimal edirəm ki, o çalışacaq ki, prezident kreslosunu qorusun. Çünki Makronun başqa çarəsi də yoxdur. Onsuz da o ikinci dəfə prezident seçilib, yəni üçüncü dəfə seçilə bilməz. Onun üçün ən uğurlusu səlahiyyət müddətinin sonuna qədər prezident kürsüsünü qorumaqdır. Təbii ki, siyasi təzyiqlər və müxalifətin ciddi narazılığı var. Bütün bunların öhdəsindən gəlmək o qədər də sadə deyil. Ona görə də Makronun istefa vermək ehtimalını zəif qiymətləndirirəm. Daha çox manevr edib, səlahiyyətinin sonuna qədər qalmağa cəhd edəcək. Fransa artıq hökumət böhranı ilə üz-üzədir. Yenə də mümkündür ki, növbəti seçkilərdə Fransada vəziyyət dəyişsin. Yəqin ki, Makronun partiyasının məğlubiyyəti qaçınılmaz olacaq".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər