Maşın şəhərin şahıdırmı?
Berlin uzun illərdir “azadlıq şəhəri” adını daşıyıb. Bəziləri üçün bu azadlıq maşının mühərrik səsində, digərləri üçün isə velosiped təkərlərinin yüngül çevrəsində gizlənib. Lakin 2023-cü ildə hakimiyyətə gələn mühafizəkar CDU partiyası şəhərin nəbzini dəyişdirib: indi Berlin sanki pedalı buraxıb, sükanı yenidən avtomobillərin əlinə verib.
Yeni hökumət əvvəlki “yaşıl” siyasətin simvolu Friedrichstrabe küçəsindəki piyada zonasını ləğv edib,növbəti illər üçün velosiped yollarına və piyada təhlükəsizliyinə ayrılan büdcəni yarıbayarı azaldıb. 2026–2027-ci illərdə bu sahəyə cəmi 2,6 milyon avro ayrılacaq. Yəni böyük şəhər üçün rəmzi məbləğ. Eyni zamanda, bəzi küçələrdə sürət həddi artırılıb, parkinq icazələri isə hələ də 2008-ci ilin dəyərində cəmi 10 avroya qalır.
Mühafizəkar dairələr üçün bu addımlar “praktiklik” kimi görünür: Berlinin geniş sərhədlərində yaşayanlar, xüsusilə yaşlı və keçmiş Şərqi Almaniya nəsli üçün maşın azadlıq simvoludur. Amma şəhərin mərkəzində yaşayan gənclər və ekoloji fəallar bu siyasəti “keçmişə dönüş” adlandırır. Onların fikrincə, Berlin indi Paris, Amsterdam və Kopenhagendə hökm sürən velosiped və piyada inqilabının tam əks istiqamətində hərəkət edir.
Nə qədər paradoksal olsa da, şəhər eyni zamanda 2040-cı ilədək küçələrə 1 milyon ağac əkəcəyini vəd edir. Amma ekspertlər ironik şəkildə bildirirlər: “Bu ağacların kölgəsində hərəkət edən yenə avtomobillər olacaq".
Alman nəqliyyat tədqiqatçısı Giulio Mattioli deyir: “Berlin hələ də 1980–90-cı illərin modernlik anlayışı ilə yaşayır. O dövrün şəhərləri üçün ideal, amma bu əsr üçün köhnəlmiş modeldir".
Görünür, Berlin bir daha öz kimliyi ilə üz-üzə qalıb: şəhər gələcəyin sükutunda velosipedlərin cingiltisini eşitmək istəyəcəkmi, yoxsa yenə də motorun gurultusuna qulaq asacaq?
The Guardian
Eslanda Kulieva