00:00:00
Yazar
Admin User
07.10.2025 17:56 134 2 dəq oxuma
Siyasət

MDB liderləri Düşənbədə sammitə toplanır

MDB liderləri Düşənbədə sammitə toplanır

9-10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının sammiti keçiriləcək. Görüşdə beynəlxalq və regional təhlükəsizlik, siyasi dialoq, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq. Sammitin sonunda tərəflər çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə dair sənədlər imzalayacaqlar. Həmçinin 9 oktyabrda Mərkəzi Asiya-Rusiya sammiti də baş tutacaq.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında qeyd edib ki, Düşənbədə baş tutacaq MDB dövlət başçılarının sammiti, aydındır ki, beynəlxalq siyasi və iqtisadi məsələlərin müzakirəsi baxımından önəm daşıyacaq:

 

“Mümkündür ki, sammit çərçivəsində ikitərəfli görüşlər keçirilsin. Bu zaman ticarət, iqtisadiyyat, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və s. istiqamətlərdə müzakirələr aparılsın. Ən önəmli məsələlərdən biri təhlükəsizliklə bağlı müzakirələrdir. MDB platforması Sovet İttifaqının dağılmasından sonra yaranan bir platformadır və bu ərazidə mövcud olan ölkələrin bir-biri ilə əlaqə saxlaması üçün işlək bir mexanizm olmuşdur. Lakin MDB daxilindəki dövlətlər müstəqil xarici siyasət yürüdürlər: Qərb, Çin və digər dövlətlərlə müstəqil siyasət həyata keçirirlər”.

 

Politoloqun sözlərinə görə, başqa alternativ – daha güclü platformalar da mövcuddur və MDB formatında da müzakirələr davam edir, ölkələr müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar:

 

“Təhlükəsizlik məsələləri müzakirələr çərçivəsində çox böyük önəm daşıyacaq, çünki müasir dünyanın çağırışlarından ən əsaslarındandır. Aydın məsələdir ki, sammitin nəticələri MDB-nin gələcək fəaliyyətinə təsir göstərəcək və qarşıdakı dövrlərdə müzakirə olunan məsələlərin həlli, genişləndirilməsi baxımından addımlar atılmalıdır. Baxmayaraq ki, siyasi baxımdan MDB-də fərqli xarici siyasət kursuna malik dövlətlər var, Düşənbədə keçirilən sammit həm birlik daxilində, həm də regionda əməkdaşlıq və tərəfdaşlığın istiqamətlərini, müxtəlif xarici siyasət yürüdən dövlətlər arasında münasibətlərin hansı formatda davam etməsini və MDB-nin bu düzəndən hansı formada təsirlənəcəyini müəyyən edəcək”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər