“Mediada Azərbaycan dili” təlimində orfoqrafik səhvlər və ifadə-üslub məsələləri diqqət mərkəzində
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi keçirildi.
"İnformator.az" xəbər verir ki, təlimin yeddinci günündə ustad dərslərini Azərbaycan Respublikasının Xalq artisti Roza Tağıyeva, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva keçirdilər. Təlim “Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusuna həsr olundu.
Şəhla Quliyeva çıxışında təlimin nəzəri və praktik hissələrdən ibarət olduğunu bildirdi, iştirakçıları Ana dili günü münasibətilə təbrik etdi. O, media orqanlarında orfoqrafiya qaydalarına riayət olunmasının vacibliyini vurğuladı, redaktə və korrektə prosesinin zəifləməsinin ciddi problemlər yaratdığını qeyd etdi.
Bildirildi ki, mediada yol verilən səhvlər kütlə tərəfindən doğru kimi qəbul edilir və təkrarlanaraq normaya çevrilə bilir. Bu isə dilin nüfuzuna və informasiyaya olan etibara mənfi təsir göstərdiyi vurğulandı.Qeyd olundu ki, operativlik naminə redaktənin zəifləməsi, rəqəmsal platformalarda sürətli kontent istehsalı, peşəkar dil normalarının zəifləməsi və normativ mənbələrdən sistemsiz istifadə orfoqrafik pozuntuların əsas səbəblərindəndir.
Təlimdə mediaya xas əsas orfoqrafik səhvlərdən də bəhs olundu. Alınma sözlərin və mürəkkəb sözlərin yanlış yazılışı, böyük və kiçik hərflərin düzgün işlədilməməsi, durğu işarələrinin səhv tətbiqi, xüsusilə mürəkkəb cümlələrdə nöqtə və vergülün buraxılması diqqətə çatdırıldı.
Şəhla Quliyeva vurğuladı ki, rəsmi qurum adları düzgün şəkildə yazılmalıdır. Məsələn, o diqqətə çatdırdı ki, “Azərbaycanın İrandakı Konsulluğu” ifadəsində “Konsulluq” sözü böyük hərflə yazılırdı.
Eyni zamanda qeyd olundu ki, məktəb dərsliklərində, nəşriyyat məhsullarında və tərcümə mətnlərində də ciddi dil qüsurlarına rast gəlinir və bu, yalnız medianın deyil, ümumilikdə nəşr sahəsinin məsuliyyətində olduğu deyildi.
Sonda bildirildi ki, süni intellekt nə qədər inkişaf etsə də, onun istifadəsinə nəzarət edən insandır. Dil pozuntularının qarşısını almaq üçün səhvlərə vaxtında reaksiya verilməli və redaksiya mühitində vahid dil siyasəti formalaşdırılmalıdır.
Qeyd olundu ki, keçirilən təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq olunmasıdır.
