Meksika-ABŞ gərginliyi artır
Meksika ilə Amerika Birləşmiş Ştatları arasında sərhəd gərginliyi davam edir.
İnformator.az xəbər verirk i, Texas ştatı ilə Meksika sərhəddindəki Rio Qrande çayında maneələr quraşdırılıb ki, bu da Meksika hökümətinin narazılığına səbəb olub. Meksika Amerika Birləşmiş Ştatlarına nota verib. Meksika hakimiyyətinin reaksiyasına səbəb Birləşmiş Ştatların Meksika ilə sərhəddə Rio Qrande çayı üzərində qurmağa başladığı üzən maneə olub. Uzunluğu 3 min km-dən çox olan ABŞ və Meksika sərhədi dünyada keçidlərin sayına görə ilk yeri tutur. İldə qanuni yolla təxminən 350 milyon insan, həmçinin 5 milyona yaxın minik və yük avtomobili keçir. Sərhədin mühafizəsi ilə 20 mindən çox Amerika sərhədçisi məşğul olsa da, onlar sərhədə bütünlüklə nəzarət etmək imkanına malik deyillər. Belə ki, hər il təxminən 500 min insanın sərhədi qeyri-qanuni keçməsi barədə hesablamalar var. Meksikanın xarici işlər naziri Alicia Barcenanın açıqlamasına görə, Baryer iki ölkə arasındakı razılaşmaları açıq şəkildə pozur. “Buna görə də biz Amerika Birləşmiş Ştatlarına iki diplomatik nota göndərdik. Çaya yerləşdirilənlər suyun axınına mane olur və onun istiqamətini də dəyişir. İindiyədək tikilən 305 metr uzunluğundakı maneənin 230 metri Meksika sərhədlərində quraşdırılıb”.
Mayda ABŞ-Meksika sərhədində bir gündə rekord sayda - 10 mindən çox miqrant keçərkən saxlanılıb. Həmin ərəfələrdə miqrant axınının qarşısını almaq üçün Bayden administrasiyası sığınacaq axtaranlar üçün yeni sərt qaydalar tətbiq edib. Qeyri-qanuni miqrantları ağır cəza və deportasiya gözləyir. Meksika hökuməti mühacirətin qarşısını almaqda maraqlı deyil, çünki emiqrantların vətənlərinə pul köçürmələri ildə milyardlarla dollar təşkil edir. Bundan başqa, mühacirət ölkədə işsizliyin səviyyəsini azaldır.
İmmiqrasiya hazırda Vaşinqtonun siyasətində qütbləşmənin olduğu əsas məsələlərdəndir. Çayda manelərin quraşdırılması qərarını qəbul edən Texas qubernatoru əvvəllər dəfələrlə ABŞ prezidenti Co Baydenin immiqrasiya siyasətinə qarşı olduğunu və sərhəd qapılarını açıq saxlamaqla ölkəni böhrana sürükləməkdə günahlandırıb. Texasın Qubernatoru Qreq Abbottun sözlərinə görə, narkotik və silah qaçaqmalçılarının, immiqrantların Meksika sərhədini keçməsinin qarşısını almaq üçün hazırlanmış qanun layihəsi təsdiqlənib. Qanun layihəsinə Rio Qrande çayı üzərində üzən maneənin qurulması, Texas ştatının təhlükəsizlik qüvvələrinin Meksika sərhədində şübhəlilərin axtarışı və həbsi üçün səlahiyyətlərinin genişləndirilməsi daxildir:
“Həmçinin sərhəd təhlükəsizliyi üçün pilotsuz təyyarələrdən istifadə kimi tədbirlər də qanunda var. Qanun Texaslıları və amerikalıları sərhəddəki xaos və böhrandan qorumaq, eləcə də Texasın qeyri-qanuni immiqrasiya ilə mübarizəsini davam etdirmək üçündür”.
ABŞ Ədliyyə Departamenti isə Texas ştatını üzən maneəyə görə məhkəməyə verib. Departamentin açıqlamasına görə, əyalət müvafiq icazə olmadan çaya sədd çəkməklə federal qanunu pozub. Bəyanatda üzən maneənin suda naviqasiya və ictimai təhlükəsizliyə əngəl yaratdığı, həmçinin humanitar problemlər doğurduğu iddia edilib. Meksika höküməti Departamentin Texasa qarşı qaldırdığı iddianı yüksək qiymətləndirdiyini açıqlayıb.
Aysel
