Merts: Avropa ABŞ-lə münasibətlərdə yalançı nostaljidən çəkinməlidir
Almaniya kansleri Fridrix Merts hesab edir ki, vahid Avropa ABŞ-lə münasibətləri qurarkən yalançı nostaljidən çəkinməli və öz maraqlarını dəqiq müəyyənləşdirməlidir.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa ilə ABŞ arasında münasibətlər artıq bir il əvvəlki kimi deyil:
"Almaniya kansleri Mertzin ABŞ ilə münasibətləri yenidən qurmaq barədə bəyanatı mövcud reallıqları nəzərə almağa çağırışdır. Avropa ilə ABŞ arasında münasibətlər artıq bir il əvvəlki kimi deyil və bu reallığı Avropa dövlətləri anlamalı, bununla hesablaşmalıdırlar.
Tramp hakimiyyətə gəldikdən sonra məlum olub ki, o, Avropaya tətbiq olunan rüsumları artırıb. Ən əsası, açıq şəkildə bildirib ki, Avropanın təhlükəsizliyini öz üzərinə götürməyəcək. Halbuki Avropa dövlətləri iqtisadi cəhətdən güclü olsalar da, hərbi baxımdan bir o qədər də güclü deyillər. Hazırda Avropanın ən böyük ordusu isə Ukrayna ordusudur. Hətta NATO müqaviləsinin 5-ci maddəsini də Tramp tamamilə başqa cür şərh edib. Bildirib ki, həmin maddədə yazılmayıb ki, Avropa dövlətlərinin hər hansı birinə hücum olarsa, ABŞ mütləq şəkildə hərbi əməliyyatlara qoşulmalıdır. Maddədə yalnız qeyd olunur ki, hərbi əməliyyatlar da daxil olmaqla yardım göstərilə bilər. Yəni bu yardım silah, maliyyə və ya digər dəstək formalarında ola bilər. Lakin indiyə qədər Avropa dövlətlərində belə bir inam var idi ki, onlardan birinə hücum olarsa, ABŞ dərhal müharibəyə qoşulacaq. Trampın bu və digər bəyanatları isə Avropanı ciddi şəkildə düşünməyə vadar edir. Merts belə bir çağırış edir ki, reallıqları qəbul etməli, ilk növbədə isə iqtisadi maraqları önə çəkilməlidir. Mövcud tərəfdaşlarla münasibətləri möhkəmləndirməli, eyni zamanda yeni tərəfdaşlar da axtarmalıyıq. Məlumdur ki, Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından biri Çindir və bu ölkə ilə ticarət dövriyyəsi 800 milyard dollardan artıqdır. Çinlə münasibətlərin bundan sonra da yaxşılaşdırılması zəruridir. Bu bəyanat, əslində, ABŞ-yə qarşı kəskin mövqe sərgiləmək deyil. Avropa hələ də ABŞ-dən xüsusilə, hərbi baxımdan ciddi şəkildə asılıdır. Bu səbəbdən münasibətləri qoruyub saxlamaqla yanaşı, mövcud təhlükələri nəzərə alaraq yeni alternativlər axtarmaq, yalnız ABŞ-yə güvənməmək və ən əsası, Avropanın öz hərbi potensialını gücləndirmək vacibdir. Təsadüfi deyil ki, bir zamanlar ÜDM-in 2%-i qədər hərbi xərclərə qarşı çıxan Avropa dövlətləri indi bu göstəricini 5%-ə çatdırmağı planlaşdırırlar. Bu da yeni reallıqları qəbul etməyə yönəlmiş addımdır".
Müsahib qeyd edir ki, Avropa bu gün hərbi baxımdan zəifdir və artıq Rusiya təhlükəsini nəzərə alaraq vəziyyəti dəyişmək zərurəti yaranıb:
" Eyni zamanda, ABŞ-dən enerji asılılığını da azaltmaq və yeni enerji mənbələri tapmaq lazımdır. Ümumilikdə isə ABŞ və Avropa arasında ciddi bir ayrılma və ya kəskin dəyişiklik gözlənilmir. Çünki Avropa ABŞ-dən hələ də asılıdır. Bu sadəcə olaraq, yeni reallıqları qəbul etmək və alternativ yollar axtarmaq çağırışıdır. Bu çağırış təhlükəsizlik və enerji siyasətinə dərhal təsir etməyəcək. Ancaq bundan sonrakı mərhələdə tutulan yol yeni enerji mənbələri axtarmaq, enerji ehtiyatlarına malik ölkələrlə münasibətləri inkişaf etdirmək və mövcud əlaqələri daha da yaxşılaşdırmaq bu istiqamətdə atılacaq addımlar olacaq. Yeri gəlmişkən, bu dövlətlər sırasında Azərbaycanın da xüsusi yeri var. Avropa üçün enerji təhlükəsizliyi baxımından Azərbaycanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Avropa təhlükəsizlik məsələlərində də öz gücünü artırmaq üçün yollar axtarır. Uzun müddətdir ki, Avropa ordusunun yaradılması ilə bağlı müzakirələr aparılır və görünür ki, bu prosesin sürətləndirilməsi zəruri olacaq. Friedrich Merts-in bu bəyanatı ABŞ-lə münasibətlərdə kəskin dəyişiklik çağırışı deyil. Bu, reallıqları nəzərə alaraq, gələcəyə daha aydın baxmaq və mümkün təhlükələrdən özünü qorumaq məqsədi daşıyan çağırışdır".
Səmayə Səftərova