Merts və Tramp Ukraynaya yardım üçün Rusiya aktivlərini müzakirə edib
Almaniya kansleri Fridrix Merts və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Görüş zamanı Merts Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasını irəli sürüb. Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib ki, liderlər Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün birgə səyləri davam etdirmək barədə razılığa gəliblər.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ ilə Almaniya liderləri arasında aparılan danışıqlar, əldə edilən razılaşmalar, müzakirələr əlbəttə ki, müharibənin gedişatına müsbət təsir göstərə bilər:
“Əlbəttə ki, müəyyən dövlətlər bir qədər ehtiyatla hərəkət etməyin tərəfdarıdırlar. Onlar təmkinin və ehtiyatlılığın qarşılığında müharibəni necə alternativ yollarla dayandırmağın yollarını da verməlidirlər. Onlar bu yolu vermədiklərinə görə, Almaniya və ABŞ-nin NATO-nun ən güclü dövlətlərindən olduğunu nəzərə alsaq, üstəlik də ABŞ-nin bir nömrəli qlobal güc olduğunu nəzərə alsaq, ABŞ-nin verəcəyi qərara hamı tabe olmaq məcburiyyətində qalacaq”.
“Yalnız Rusiya müharibəni davam etdirdikcə daha da zəifləyir, resursları tükənir, üstəlik də neft bazarında küncə sıxışdırılması Rusiyanı getdikcə pis vəziyyətdə qoyur. Əlavə olaraq, Rusiya daxilində olan dövlətlərin müstəqilliyə can atması da güclənir. Əgər Rusiyanı idarə edənlər indiki dövrdə müharibəni dayandırsalar, çıxış yolu tapa bilərlər. Rusiyaya qarşı atılan istənilən addım Ukraynanın əlini gücləndirəcək. O cümlədən də Rusiya aktivlərinin Ukraynaya yönəldilməsi hazırda müharibə cəbhəsində Ukraynanın hətta bəzi əraziləri Rusiyanın işğalından azad etməsinə imkan yaradır. Buna imkan var və deməli, Ukrayna bunu bacarır”.
Mələk Hüseynova