Meşə yanğınları dünyanı bu yay da cənginə alıb: Avstraliya, Rusiya, ABŞ, Kanada
Təəssüf ki, hər ötən il dünyanın ağciyəri hesab etdiyimiz meşələrin sahəsinin azalması ilə yadda qalır. Meşə yanğınlarının miqyası artıq ölkə sərhədlərini aşır.
Araşdırmalar göstərir ki, son 10 ilin ən böyük meşə yanğınları Avstraliya, Rusiya, Kanada, ABŞ-da qeydə alınır. Təkcə Havay adalarında avqustun 9-da başlayan yanğınlar nəticəsində ölənlərin sayı 106-ya çatıb. Yüzlərlə hektar ərazi külə dönüb. Təbii ki, məsələnin digər faciəvi tərəfi meşə yanğınların ildən ilə daha çox sahəni əhatə etməsi, ölkə sərhədlərini aşmasıdır. Qlobal istiləşmənin də artmasına səbəb olan yanğınların qarşısını almaq da çətinləşir.
Ekoloq Qorxmaz İbrahimli bildirir ki, hazırda Türkiyədə baş verən yanğınlar, bir ay bundan əvvəl İspaniyada, Avropanın müxtəlif ölkələrində baş verən yanğınlar iqlim dəyişikliyi ilə deyil əslində, istilərlə bağlı idi: "Yəni meşə yanğınları istər Okeanın ortasında olsun, istər materikin ortasında olsun, insan faktorundan və yaxud günəşdən olur, ildırımdan olur".
Ekoloqlar bildirir ki, son 20-30 ildə iqlim dəyişikliklərinin təsirinin azaldılması üçün meşələr daha böyük əhəmiyyət kəsb edir. Amma baş verən meşə yanğınları ekoloji balansın qorunmasına ciddi ziyan vurur. Yanğınların sadəcə 7-10 faizi təbii səbəblərdən baş verir. Böyük faizdə insan faktorunun səbəb olduğu yanğınlar eko sistemdə - canlıların, həmçinin dünyanın oksigen mənbəyi sayılan ağacların məhviylə nəticələnir.
Ekoloq İslam Mustafayev deyir ki, qlobal çərçivədə bütün dünyada proqramlar var: "İnaanlar arasında meşə yanğınlarına qarşı mübarizə təbliğatı ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən kütləvi informasiya vasitələrindən istifadə etməklə aparılır. Qərar qəbul edənlər üçün beynəlxalq səviyyədə müxtəlif konvensiyalar və dövlətlərarası anlaşmalar mövcuddur. Məsələn, Paris anlaşması iqlim dəyişmələri üzrə çərçivə konvensiyasıdır.Bundan əlavə Avropa sövdələşməsi üzrə müqavilə də var".
Qlobal istiləşmə ilə əlaqədar olaraq, meşə yanğınları mövsümü indi dünyanın demək olar ki, hər yerində daha erkən başlayır və uzun müddət davam edir. Dünyada meşələrin monitorinqini aparan “Global Forest Watch”un platformasının məlumatlarına görə, son 20 ildə dünyada 318 milyon hektar meşə sahəsi müxtəlif səbəblər, o cümlədən yanğınlar nəticəsində məhv olub.
