Məhkəmə: Laçından keçəndə Gorusdan atəşə məruz qaldıq
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin avqustun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Sabir Quliyev Şuşanın işğalı zamanı dinc əhaliyə humanitar dəhlizin verilmədiyini bildirib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, S.Quliyev Şuşanın Göyta la kənd sakini olduğunu, 1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələrinin işğal etdiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq deyib:
“Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak olublar. Tahir Quliyevin meyiti hələ də tapılmayıb. Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak olub. Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar. Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər. Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki...”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.