Microsoft işçilərinə süni intellektlə təsəlli verilir
Microsoft bu il ərzində 9,000-dək işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu, şirkətin dünya üzrə 228,000 nəfərlik işçi heyətinin təxminən 4%-ni əhatə edir. Məlumatlara görə, Xbox oyun bölməsi də ixtisarlardan təsirlənə bilər.
İndi silinmiş bir paylaşımda, Xbox prodüseri Turnbull işini itirənlərə ChatGPT və ya Copilot kimi süni intellekt alətlərindən istifadə etməyi tövsiyə edib. O bildirib ki, bu alətlər işdən çıxarılma ilə bağlı emosional və zehni yükləri azaltmağa kömək edə bilər.
Turnbull paylaşımında karyera planlaması, tərcümeyi-hal yazılması və emosional dəstək kimi mövzularda süni intellekt vasitəsilə istifadə edilə biləcək bəzi promptlar (istifadə komandaları) da paylaşıb.
Lakin bəzi sosial media istifadəçiləri bu təklifi kəskin tənqid ediblər. Bəzi şərhlərdə “sadəcə iyrənc” və “nitqsiz qaldıq” kimi ifadələr yer alıb.
Qeyd edək ki, Microsoft işçi ixtisarlarına baxmayaraq süni intellekt sahəsinə böyük sərmayələr yatırır. Şirkət AI modellərinin təlimi üçün məlumat mərkəzlərinə 80 milyard dollar xərcləməyi planlaşdırır ki, bu da texnologiya sahəsindəki strateji istiqamətini əks etdirir.
ANEWZ
Gülhüseynova Güllər