00:00:00
Yazar
Asiman Vəliyeva
19.03.2026 19:39 14 2 dəq oxuma
Siyasət

Millət vəkili Vüqar Bayramov: “Bərpa olunan enerji Azərbaycan üçün prioritet istiqamətdir”

Millət vəkili Vüqar Bayramov: “Bərpa olunan enerji Azərbaycan üçün prioritet istiqamətdir”

Dünya enerji bazarında baş verən sürətli dəyişikliklər, qlobal qiymət dalğalanmaları və ekoloji tələblər Azərbaycan üçün də enerji siyasətini prioritet məsələ halına gətirib. Ölkə həm enerji təhlükəsizliyini təmin etməli, həm də bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməlidir. Bərpa olunan enerji layihələri yalnız ətraf mühitin qorunmasına xidmət etmir, eyni zamanda iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının artırılması və yerli texnologiyaların inkişafı üçün də imkanlar yaradır. 
 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində millət vəkili Vüqar  Bayramov bildirir ki, Azərbaycan regionun enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biridir:


“Hazırda Azərbaycanın təbii qazı 16 ölkəyə nəql olunur ki, onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu baxımdan, Azərbaycan yalnız öz enerji təhlükəsizliyini təmin edən deyil, eyni zamanda regionun enerji təhlükəsizliyinin güclənməsinə mühüm töhfə verən ölkə kimi çıxış edir. Eyni zamanda, bərpa olunan enerjiyə keçid Azərbaycan üçün prioritet istiqamətlərdən biridir və bu sahədə artıq mühüm addımlar atılıb. Azərbaycan regionda bərpa olunan enerji sahəsinə ən çox sərmayə cəlb edən ölkələrdən biridir. Son illərdə bu istiqamətə 1 milyard dollardan artıq xarici investisiya yatırılıb və müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələri qurulub”.

 

Həmçinin Vüqar Bayramov qeyd edir ki, ölkədə bərpa olunan enerjinin payının artdığı müşahidə olunur:

 

“Bu proses həm də ənənəvi enerji hasilatından innovativ enerji istehsalına keçidin real şəkildə həyata keçirildiyini göstərir. Azərbaycan eyni zamanda yeni texnologiyaların cəlbi və tətbiqi sahəsində də fəal ölkələrdəndir. Bu istiqamətdə həm Çin Xalq Respublikası, həm də digər ölkələrlə əməkdaşlıq gücləndirilir. Amerika Birləşmiş Ştatları ilə imzalanmış yeni strateji tərəfdaşlıq sənədlərində də yaşıl enerjiyə daha çox investisiya, texnologiya və innovasiyanın cəlb olunması nəzərdə tutulur. Gözlənilir ki, 2027-ci ildən sonra Azərbaycan Avropa İttifaqı bazarına yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji ilə daxil olacaq. Bu isə bir tərəfdən, Azərbaycanın enerji təhlükəsizliyindəki mövqeyini daha da gücləndirəcək, digər tərəfdən isə yaşıl enerji ixracı hesabına ölkəyə daxil olan valyuta həcminin artmasına səbəb olacaq”.


Ədilə Hüseynzadə

#gündəm #millət #xəbər #olunan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər