Milli Məclisin növbədənkənar sessiyası
Parlament sədri Sahibə Qafarovanın rəhbərliyi ilə keçirilən xüsusi toplantı “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və uzaqgörən liderliyin qələbəsi” mövzusuna həsr olunub.
Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mövzu ilə bağlı politoloq Xəqanı Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki,Vaşinqton razılaşmaları Cənubi Qafqazda gedən proseslərə də ciddi şəkildə təsir edir:
"Milli Məclisin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasının keçirilməsi Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərə parlamentin dəstək verdiyini nümayiş etdirməyə xidmət edib.
Vaşinqton razılaşmaları yalnız Azərbaycan–Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri və Azərbaycan–Ermənistan arasında sülh prosesinin gücləndirilməsini deyil, həm də Cənubi Qafqazda gedən proseslərə ciddi şəkildə təsir etdiyi üçün Rusiya və İranın müqaviməti ilə qarşılanır.
Vaşinqton razılaşmalarının ilk günləri səssiz qalmağa üstünlük verən Rusiya son günlər çox fəallaşıb. Azərbaycana və Ermənistana təzyiq cəhdləri, “3+3” formatını diriltmək cəhdi bunun sübutudur. Bütün bunların fonunda Milli Məclisin dövlət başçısının siyasətinə dəstəyini ifadə etməsi rəsmi Bakının növbəti siyasi addımı, Rusiyaya verilmiş növbəti cavab kimi də dəyərləndirilə bilər".
Eslanda Kulieva