Milli Məclisin nümayəndə heyəti Özbəkistana səfər edib
Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Azərbaycan Parlament Aparatının nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayevlə görüşüb.
"İnformator.az" xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Senatın Aparat rəhbəri Özbəkistan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsinə yüksəldiyiini diqqətə çatdıraraq, bu münasibətlərin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib. Bildirilib ki, Bakıda Özbəkistanın yeni səfirlik binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması, həmçinin Özbəkistanda Azərbaycanla bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Parlamentlərarası münasibətlərdən danışan Aparat rəhbəri bildirib ki, parlamentlərimiz arasında aktiv dialoq və sıx əməkdaşlıq mövcuddur. Bu münasibətlərin tərkib hissəsi olaraq parlament aparatları arasında da əməkdaşlıq günü-gündən inkişaf edir.
Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev spiker Sahibə Qafarovanın salamlarının spiker Tənzilə Narbayevaya çatdırılmasını xahiş edib.
Aparat rəhbəri diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı tarixi köklərə əsaslanan münasibətlər bu gün yeni səviyyəyə yüksəlib. Əsası Ulu Öndər Heydər Əliyev və Özbəkistanın o dövrkü dövlət başçısı tərəfindən qoyulmuş bu münasibətlər bu gün Prezidentlərimiz cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir.