Minsk qrupu bağlanıb
Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib.
Mövzu ilə əlaqədar politoloq Aytən Qurbanova "İnformator.az" a açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun varlığını əslində İkinci Qarabağ müharibəsi nəticəsində əldə etdiyimiz tarixi zəfərlə son qoyulub:
"Sadəcə olaraq bunun rəsmiləşdirilməsi prosesi çox təəssüf olsun ki, Ermənistanın qeyri adekvat mövqeyi nəticəsində beş ilə yaxındır ki, gecikdirilirdi. Amma nəhayət ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində və normallaşmada kifayət qədər uğurlu nəticələr əldə olunduğu bir mərhələdə Ermənistan tərəfi Azərbaycan tərəfindən irəli sürülən iki şərtdən birini və ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı birgə müraciətin ünvanlanmasını həyata keçirib və bu istiqamətdə Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri tərəfindən ünvanlanan müraciət 1 sentyabr tarixində rəsmiləşdirilib və ATƏT-in Minsk qrupuna son qoyulmaq və onun qəbul etdiyi bütün qərarlar da qüvvədən düşmüş hesab olunub".
"Bu gecikdirilən addım əslində labüd xarakterli zəruri addımlardan biridir. Çünki əgər ATƏT-in Minsk qrupunun yaradılma missiyası olması idisə, artıq ortada hər hansı bir münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə bu istiqamətdə ola biləcək bütün təhdidləri aradan qaldırıb".
Ekspertin sözlərinə görə, onu da nəzərə alsaq ki, 30 ilə yaxın davam edən danışıqlar dövründə, ümumiyyətlə, bu qrup hər hansı bir effektiv fəaliyyət göstərməyib, ümumiyyətlə, onun mövcudluğunun hər hansı bir labüd, ya da zəruri bir şərti yox idi:
"Digər tərəfdən isə bu istiqamətdə təkidli mövqeyi nümayiş etdirilməsi, yəni ATƏT-in Minsk qrupunun hələ də mövcudluğunun saxlanılması ilə bağlı atılan addımlar, ancaq münaqişənin qalması, ya da real təhdidlərin qalması ilə bağlı süni təəssürat yaratmaq, eyni zamanda ola biləcək süni yeni münaqişə ocaqlarına münasibətdə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi cəhdləri idi".
"Bunların hər birinin hər hansısa bir formada real nəticəsinin olmayacağı ilə bağlı Azərbaycanın qətiyyətli mövqe nümayiş etdirilməsi bizim növbəti diplomatik uğurumuza, yəni ATƏT- in Minsk qrupunun ləğv olunmasına gətirib çıxaran önəmli məqamdır və düşünürəm ki, bu zəruri addım indiki şəraitdə sülhə doğru atılan ən əsas addımlardan biridir və bu istiqamətdə ola biləcək davamlı xarakterli çıxışlar, eləcə də Konstitusiyaya ediləcək dəyişiklik nəhayət ki, Cənubi Qafqazda davamlı və dayanıqlı sülhü təmin edə biləcək real şəraiti formalaşdıracaq".
Aydan Məmmədova