"Əməkdaşlıq sülhə aparan yolun bir hissəsidir"
Bakıda keçirilən 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi general Levent Ergünü qəbul edib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığının inkişafı heç bir ölkə üçün təhlükə mənbəyi deyil:
“Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə müşahidə olunan yaxınlaşma, əməkdaşlıq və atılan addımlar təkcə bu iki dövlətin deyil, ümumilikdə regionun maraqlarına uyğundur. Bu əməkdaşlığın güclənməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsində həlledici balans qüvvələrindən biri hesab olunur.
Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək səviyyəyə çatıb və bu münasibətlər bölgədə sülh və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir. Xüsusilə Şuşa Bəyannaməsindən başlayaraq iki ölkənin müxtəlif strukturları arasında inteqrasiya və əməkdaşlıq istiqamətində atılan bütün addımlar strateji əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq içərisində hərbi sahə xüsusi yer tutur. Müasir dövrdə bir dövlətin təhlükəsizliyi onun hərbi gücü ilə sıx bağlıdır. Dövlətlərin hərbi güclərini birləşdirmək bacarığı isə onların regional və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Sevindirici haldır ki, Azərbaycan və Türkiyə həm ayrı-ayrılıqda hərbi potensiallarını artırır, həm də bu sahədə inteqrasiyanı yüksək səviyyədə həyata keçirirlər.
Azərbaycan və Türkiyə münasibətlərin inkişaf istiqamətini və nəticələrini yaxşı bilirlər. Regionda bu münasibətlərdən narahat olan tərəflər isə anlamalıdırlar ki, bu əməkdaşlıq heç bir dövlətin inkişafına təhdid deyil, əksinə, sülhə aparan yolun bir hissəsidir.
Hazırda iki ölkə arasında hərbi texniki əməkdaşlıq, hərbi təhsil, müdafiə sənayesinin birgə inkişafı və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət sahələri üzrə ciddi addımlar atılır. Yaxın zamanlarda imzalanan və ratifikasiya olunan qarşılıqlı hərbi təhlükəsizlik sazişi də bu inteqrasiyanın hüquqi əsaslarını möhkəmləndirir. Bu, Azərbaycanın və Türkiyənin təhlükəsizlik və müdafiə sistemlərinin uzlaşdırılması baxımından əhəmiyyətli bir addımdır.
Artıq Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşımaqla yanaşı, konkret hüquqi çərçivəyə salınıb. Müttəfiqlik bütün sahələrdə, xüsusilə də hərbi və təhlükəsizlik sahəsində daha da dərinləşir və davamlı şəkildə rəsmi sənədlərlə təsbit olunur. Bu isə Azərbaycan-Türkiyə əməkdaşlığını bölgənin sabitləşdirici faktoru kimi ön plana çıxarır.
Beynəlxalq müşahidəçilər də bu əməkdaşlığın regional balanslaşdırıcı və sabitləşdirici gücə malik olduğunu qəbul edirlər. Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığının inkişafı heç bir ölkə üçün təhlükə mənbəyi deyil. Əksinə, bu münasibətlərin məqsədi təcavüz və ya başqa dövlətlərin suverenliyinə müdaxilə deyil, məhz sülhün və təhlükəsizliyin qorunmasıdır”.
Aydan Əsgərxanlı
