Əməliyyatı sürətləndirin!
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının məğlubiyyətini sürətləndirmək üçün Qəzza zolağının ələ keçirilməsi əməliyyatının müddətini qısaltmaq barədə əmr verib.
"Baş nazir terrorçuların son sığınacaqlarını mümkün qədər tez məhv etmək və HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq üçün əməliyyatı sürətləndirmək barədə göstəriş verib", - bəyanatda qeyd olunur.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğu “İnformator.az”a açıqlamasında bildirib ki, Qəzzada vəziyyət kritik olaraq qalır:
“Bütün əlamətləri ilə Qəzza bölgəsində vəziyyət kritik olaraq qalmaqdadır. Buna əsas reaksiyanı nümayiş etdirən beynəlxalq struktur kimi BMT-ni xüsusi qeyd etmək lazımdır. İsrailin Baş nazirinin qəbul etdiyi qərar BMT-də narahatlıq yaradır. Yəni Qəzzaya tam nəzarətin təmin edilməsi üçün hərbi əməliyyatların sürətləndirilməsi iradəsinin ortaya qoyulması beynəlxalq aləmdə narahatlıq yaradır. Qeyd etmək lazımdır ki, İsrailin özündə də əhali bu məsələdə narahatlığını ifadə etməkdədir. Bir neçə gün öncə kütləvi etiraz aksiyaları keçirilirdi və burada on minlərlə insan iştirak edirdi. Onlar hərbi əməliyyatların dayandırılmasını və əsirlərin azad olunmasını tələb edirdilər. Görünən reallıq ondan ibarətdir ki, İsrail Qəzza bölgəsində tam nəzarətini təmin edənə kimi hərbi əməliyyatlar davam etdiriləcək və beynəlxalq səviyyədə sərgilənən mövqe proseslərə hər hansı bir formada təsir etmir. Sadəcə olaraq bu da siyası xarakterli mövqedən ibarətdir. Bu, bir çox Avropa ölkələrində müşahidə olunmaqdadır. Yəni insanlar dinc aksiyalar keçirirlər. Qəzza bölgəsində humanitar vəziyyətin ağır olduğunu qeyd edirlər. Vurğulamaq lazımdır ki, bir müddət əvvəl humanitar xarakterli addımların asanlaşdırılması istiqamətində də addımların atılacağı bildirilib. Bütün hallarda hesab edirəm ki, hazırkı şəraitdə real barışıq üçün, münaqişənin aradan qaldırılması üçün imkanlar olduqca məhduddur. HƏMAS da bildirib ki, münaqişənin dayandırılması istiqamətindəki cəhdlər heç bir nəticə vermir. Bölgədə, sözsüz ki, ümumi vəziyyət hazırda İsrailin maraqlarına uyğundur. Yəni onun üstünlüyü mövcuddur. Bütün hallarda elə geosiyası üstünlük də İsrail tərəfdədir. HƏMAS-ın isə, görünür, müqavimət imkanları getdikcə zəifləməkdədir. Amma bütün hallarda tez bir zamanda silahlı qarşıdurmanın dayandırılmasını şərtləndirəcək bir vəziyyətin olacağını düşünmürəm. Yəni İsrail hərbi əməliyyatları bundan sonra da davam etdirəcək və HƏMAS da müqavimət göstərəcək. Amma bir daha qeyd edim ki, HƏMAS-ın hazırki reallıqlar şəraitində ciddi müqavimət göstərmək imkanları məhduddur”.
Lalə Qurbanlı