Mollanəsrəddinçi Əliqulu Qəmküsar
Bu danılmaz bir faktdır ki, Azərbaycan satirik jurnalistikasının “Şah əsəri” adlandırılan “Molla Nəsrəddin” jurnalının yaranmasında, inkişafında və az müddət içərisində Yaxın və Orta Şərq aləmində şöhrətlənməsində başda dahi Mirzə Cəlil olmaqla hər bir mollanəsrəddinçinin özünəməxsus rolu olmuşdur. Onların bu xidmətlərini yüksək qiymətləndirən Mirzə Cəlil yazırdı:
“Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin, əsərlərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.
Belə qələm yoldaşlarından biri də satirik mətbuatımız və ədəbiyyatımızın tarixinə mollanəsrəddinçi şair, publisist, jurnalist, redaktor kimi daxil olmuş Əliqulu Qəmküsar Nəcəfovdur. Əliqulu Qəmküsar 1880-ci ildə Azərbaycanın çox qədim mədəniyyətə malik olan Naxçıvan şəhərində anadan olub. Uşaqlıq və gənclik illərini də burada keçirib. XIX əsrin sonlarına təsadüf edən bu illərdə Zaqafqaziyada olduğu kimi, Naxçıvanda da yeni, mədəni inkişafın əlamətləri hiss olunmaqda idi və yeni üsullu məktəblər, xeyriyyə cəmiyyətləri, ədəbi məclislər bu inkişafa daha böyük təkan verdi. Əliqulunun boya-başa çatdığı ailə də ədəbiyyata bağlı olmuşdur.Atası Məşədi Əkbər Hacı Nəcəf oğlu gəncliyində “Səba”, əmisi Məhəmmədhüseyn Nəcəfzadə “Fani”, ana babası Məşədi Əsəd isə “Məddah” təxəllüsü ilə şeirlər yazmışlar. Hər üç ailənin evində şeir məclisləri keçirilərmiş. Bu ab-havada böyüyən Əliquluda şeirə, sənətə, təhsilə qarşı böyük maraq oyanmışdı. Dövrünün bütün uşaqları kimi, ilk təhsilini məhəllə məscidində alan Əliqulu burada dini təhsillə yanaşı, ərəb, fars dillərin də yiyələnmişdir. Təbii ki, bunlar Əliqulunun qane etmirdi.O, təhsilini daha geniş davam etdirmək arzusunda idi. Valideynləri bu arzusunu yerinə yetirmək üçün Əliqulunu Naxçıvanda tanınmış Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Məktəbi-tərbiyə”yə qoyurlar. Məktəbdə fars, ərəb dilləri ilə yanaşı, rus və Azərbaycan dilləri də mükəmməl öyrədilirdi. Heç şübhəsiz, belə bir məktəbin Əliqulunun sonradan bir ədib, mühərrir, ictimai xadim kimi yetişməsində böyük rolu olub. Elə yaradıcılığa başlaması da “Məktəbi-tərbiyə”də oxuduğu illərə təsadüf edir. Ə.Qəmküsarın bədii yaradıcılığa başlaması barədə müxtəlif fikirlər söylənilir. Məsələn, şairin qardaşı Rzaqulu Nəcəfov yazırdı ki: “1896-cı ildə atam xəstələnir, müalicə üçün Təbrizə gedərkən Əliqulu da özü ilə aparır.
Cəhalətin daha çox hökm sürdüyü şəhərdə fırıldaqçı ruhanilərə qəzəblənən Əliqulu ilk şeirini yazır”.
Professor Cəfər Xəndanın isə bu haqda fikirləri belədir: “Qəmküsar yaradıcılığa “İrşad” qəzetinin 1906-cı il 4 aprel 83-cü sayında dərc etdirdiyi “O yan quyusu, bu yan quyu, tərpənmə quyuya düşərsən” publisistik məqaləsi ilə gəlib”.
Əslində, Ə.Qəmküsar ilk dəfə yaradıcılığa “Şərqi-rus” qəzetində başlayıb. Bunu bir çox tədqiqat əsərləri də təsdiq edir. Onun ilk yazısı “Şərqi-rus”un 1904-cü ildə 6 fevral tarixli 13-cü sayında dərc edilib.
“Culfadan”, “Öz müxbirlərimizdən” başlığı altında verilmiş bu yazı “Ə.Q.N.” imzası ilə çap olunub. Lakin bu ilk yazıdan sonra nədənsə bir-iki ay onun imzası görünməyib. Təxminən iki ay sonra 21 aprel tarixli 46-cı sayında yenə də eyni sərlövhə altında eyni imza ilə rastlaşırıq. Bu dəfə isə məktub Culfadan deyil, İrəvandan yazılıb. Burada şairin qızı Qəmər xanımın xatirələrinə də diqqət etmək yerinə düşərdi: “…atam bir müddət İrəvan seminariyasında oxuyub. Buradan “Şərqi-Rus”a məktublar yazıb”.
Əliqulu Qəmküsar “Şərqi-rus”dakı bu publisistik məqalələri ilə gələcək yaradıcılıq yolunu müəyyən edirdi. “Molla Nəsrəddin”ə gəlməmişdən əvvəl “Şərqi-rus”da başqa mollanəsrəddinçilər kimi yaradıcılığının ilk mərhələsini keçmişdir.
Əliqulu ilk yazılarından özbaşınalığın, cəhalətin əleyhinə çıxaraq, maarifi, mədəniyyəti, yeni tipli məktəbləri təbliğ edirdi. Artıq 1906-cı ilin ortalarında Ə.Qəmküsarın adı mollanəsrəddinçilər arasında çəkilirdi.
O, “Molla Nəsrəddin”lə yanaşı “İrşad” (1907), “Tərəqqi” (1908-1909), “Zənbur” (1909-1910) və s. dövrü mətbuatda fəal publisist kimi çıxış etməyə başlayır.
Ə.Qəmküsarın publisistikası XX əsr Azərbaycan ədəbi, ictimai həyatında maraqlı bir hadisə idi. Onun publisistikası dövrün görkəmli satirik publisistləri M.Cəlil, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqalarının bədii sənət yolu ilə səsləşirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin sürətli oyanışı dövründə Ə.Qəmküsar da müasirləri kimi xalq ilə sadə dildə danışmağı məsləhət bildi. Ümumiyyətlə, Ə.Qəmküsarın mollanəsrəddinçi sənətkar kimi özünəməxsus cəhətlərini görmək üçün, əlbəttə, onun yaradıcılığında yalnız dil deyil, başqa sahələrə də diqqət yetirmək lazımdır. Məhz bu zaman Ə.Qəmküsarın “Molla Nəsrəddin” ədəbi məktəbində tutduğu mövqeyi daha ətraflı müəyyən etmək olar. Ə.Qəmküsarın yaradıcılığı istər mövzu, istər janr baxımından çox geniş və rəngarəngdir. O öz poetik əsərlərində kəskin publisist idi və “Molla Nəsrəddin” ədəbi məktəbinin başçısı M.Cəlil kimi öz publisistik məqalələrində həyatın ən adi fakt və hadisələrini dövrün başlıca ictimai problemi ilə məharətlə əlaqələndirirdi. Məsələn, “Tiryək” adlı satirik publisistik məqaləsində o bu üsuldan məharətlə istifadə edib. Bu məqalə narkotik maddə olan tiryəkin insanların həyatına gətirdiyi bəlalara həsr edilir. Lakin məsələ bununla bitmir, yazıçı tiryəkin məstedici təsirini cəmiyyətin ümumi ətaləti ilə bağlayır və bu ətalətin nə qədər ağır ictimai rəzalətlər törətdiyini göstərir.
Onun publisistikasının dili mənzum əsərlərin dilindən daha sadədir. Publisistin bu məqalələrinin böyük əksəriyyəti İran Azərbaycanında baş verən hadisələrə, xüsusən də, milli azadlıq hərəkatına həsr edilib.
Ə.Qəmküsar hələ Culfa ticarət komisyonunda işləyərkən İran Azərbaycanında Səttarxanın rəhbərliyi ilə başlanmış milli azadlıq hərəkatına köməklik etdiyi üçün bu mövzu ona yaxın idi. “Təbrizin indiki halı”, “Tehrana gedən Azərbaycan vükəlası ilə söhbət” və s. məqalələri bu mövzudadır.
Ümumiyyətlə, Qəmküsar bir jurnalist, bir publisist kimi ətrafında baş verən hadisələrə, təbii ki, biganə qalmırdı. Ona görə də Qəmküsar publisistikasında müasirlik və aktuallıq, siyasi, ictimai pafos, yığcamlıq və dəqiqlik diqqəti cəlb edir. Onun “Babi”, “Şeytan fəhləsi”, “İstibdadi-ruhani” və bir sıra başqa felyetonları dövrün diqqətəlayiq publisist əsərləri olmuşdur.Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan mətbuat və ədəbiyyat tariximizdə silinməz izlər buraxan ədib publisistikaya təsadüfən müraciət etməmişdir. Bu, XX əsrin əvvəllərində Azərbaycanda siyasi-ictimai problemlərin günü-gündən daha kəskin şəkil aldığı bir dövr idi.Dövrün ictimai, siyasi, mədəni problemlərini, nöqsanlarını satiranın dili ilə tənqid edən müəllif, dövrün digər yazarları kimi, satirik məzmunda olan yazılarının əksəriyyətini gizli imzalarla çap etdirib. “Cüvəllağı”, “Xadimi-millət”, “Simurq”, “Otaylı” və s. gizli imzalardan istifadə edən ədib “Qəmküsar Ərdəbili”, “Ə.Nəcəfov” kimi açıq imzalarla da yazıb. “Molla Nəsrəddin”də isə “Artist” sərlövhəli şeierlərini imzasız verib. Bir faktı da qeyd edək ki, Ə.Qəmküsar həm də istedadlı aktyor idi.Və “Molla Nəsrəddin”in əməkdaşları arasında həmin dövrdə təkcə o, aktyor kimi də fəaliyyət göstərirdi.Onun istedadlı aktyor kimi fəaliyyətini dövrü mətbuatda çap olunan yazılar da təsdiq edir. Məsələn, “Günəş” qəzetinin 1910-cu il 26 dekabr tarixli, 101-ci sayında “Sənayeyi-nəfisə” başlığı ilə dərc olunan bir məqaləsi bu cəhətdən çox maraqlıdır. 1916-cı ilin may ayında “Molla Nəsrəddin”in nəşri müvəqqəti olaraq dayandırılır. Bu zaman Mirzə Cəlil Qəmküsarla birlikdə səfərə çıxırlar.Bu səyahət zamanı onlar “Ölülər”i bir neçə şəhərdə tamaşaya qoyurlar. Bildiyimiz kimi, M.Cəlilin “Ölülər” pyesinin ilk tamaşası da 1916-cı ildə Bakıda Ə.Qəmküsarın iştirakı ilə keçirilmişdir.Onun bir aktyor kimi həyatının yeni dövrü də məhz bu vaxtdan başlayır. O bu əsərdə Şeyx Nəsrullah rolunu oynayırdı.Beləliklə, “Ölülər” təkcə müəllifi M.Cəlilə deyil, pyesin əsas surətini müvəffəqiyyətlə ifa edən Ə.Qəmküsara da şöhrət gətirdi və məşhurlaşdırdı.
Çox çəkmədi ki, M.Cəlilə Ə.Qəmküsarın sorağı daha başqa şəhərlərdən gəldi. Onlar “Ölülər”i tamaşaya qoymaq üçün Dağıstana, Səmərqəndə, Daşkəndə və Volqaboyu şəhərlərə səfərlər etdilər. Qəmküsarın Şeyx Nəsrullah rolunu çox məharətlə canlandırmasını fırıldaqçı Şeyxsnəsrullahlar həzm edə bilmədiyi və Əliqulunun həyatına son qoydular: 1919-cu ildə martın 4-də evinə qayıdarkən vəhşicəsinə öldürüldü.
Həmidə xanım xatirələrində yazırdı ki, “1916-cı il 17 avqustda Mirzə Cəlilə Əliqulu Qəmküsar Qarabağa gəlib, “Ölülər”i Şuşada Xurşudbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə birinci dəfə tamaşaya qoyurlar.Tamaşa çox uğurlu keçdi”.
Bu səfərlər Ə.Qəmküsarın jurnalistlik, publisistik fəaliyyəti üçün də faydalı oldu. O gəzdiyi yerlərin mədəni-ictimai həyatından məqalələr hazırlayır, hər gün daha aktual problemlərdən bəhs edən mövzulara müraciət edərək müxtəlif janrda yazılar yazırdı. Sözsüz ki, Ə.Qəmküsarı satirik bir şair kimi tanıdan və şöhrətləndirən “Molla Nəsrəddin” ədəbi məktəbi olmuşdur.
XX əsr Azərbaycan ədəbiyyatı və satirik mətbuat tarixində bu jurnalın yetirmələrinin, o cümlədən Ə.Qəmküsarın da rolu əvəzedilməzdir. Ə.Qəmküsar yaradıcılığının nəsr hissəsində M.Cəlil təsiri duyulsa da, nəzm hissəsində M.Ə.Sabir poeziyasının güclü təsiri olmuşdur.
Sabir ədəbi məktəbinin yetirməsi olan Əliqulu onun ənənələrindən sənətkarlıqla istifadə etmişdir. Ona görə də Qəmküsarın satira hədəfi Sabirin hədəfidir.
Ə.Qəmküsarın Sabir poeziyası ilə ideya-bədii əlaqələrində diqqəti cəlb edən ən maraqlı cəhətlərdən biri onun özünəməxsus dəsti-xəttə malik olması idi. Bu özünəməxsusluq hər şeydən əvvəl, həmin əsərlərindəki rəvan qafiyələr sistemində özünü göstərir. Bundan əlavə Ə.Qəmküsar, məslək müəllimi Sabirin XX əsr Azərbaycan satirik poeziyasına gətirdiyi ənənələri davam etdirirdi.
M.Cəlil təkcə Ə.Qəmküsara, bütün mollanəsrəddinçilərə yalnız qələm yoldaşı kimi deyil, həm də ən yaxın, ən əziz doğması kimi yanaşırdı.Hətta onların şəxsi həyatında baş verən problemlərini də aradan qaldırmaq üçün onlara bir ağsaqqal kimi dəstək olurdu. Bu qayğını daha çox dahi Sabirin və Ə.Qəmküsarın taleyinə şamil etmək olar.
Belə ki, 1911-ci ilin sonlarında xəstəlikdən iki körpə qızını və 1912-ci ilin əvvəllərində həyat yoldaşı Xəndan xanımı itirən Ə.Qəmküsar çox sarsılır. Gərgin ruhi sarsıntı keçirir, içkiyə meyl edir, qızdırma xəstəliyinə tutulur, səhhəti getdikcə zəifləyir. Bu xəbər M.Cəlilə çatanda o çox narahat olur. Mirzə Cəlil Həmidə xanımın təklifi ilə Əliqulunu Pyatiqorskiyə müalicəyə aparır. Bir müddət müalicə alan şair sonra Mirzənin köməyi ilə bir dəfəlik Naxçıvandan Tiflisə köçür və Mirzənin “Molla Nəsrəddin”in redaksiyasında yerləşən evində yaşayır.Mirzə Cəlil Əliqulu Qəmküsarı bədii yaradıcılığında da işlərini sahmana salmaq və ruhlandırmaq üçün “Molla Nəsrəddin”ə redaktor təyin edir. Redaktor kimi Ə.Qəmküsarın adı jurnalın 1913-cü ilin 6-cı sayından yazılır.Beləliklə, Mirzə Cəlilin və Həmidə xanımın qayğısı sayəsində Əliqulu Qəmküsarın şəxsi həyatında və yaradıcılığında hər şey öz qaydasına düşür. Bundan sonra Ə.Qəmküsar daha məsuliyyətlə çalışır. Bu haqda tədqiqatçı alim Lətif Hüseynzadə xatirələrində yazırdı: “Əgər 1911-ci ilin əvvəllərində müxtəlif qəzet və jurnallarda Qəmküsarın cəmi 27 əsəri çıxmışdısa, 1913-cü ildə təkcə “Molla Nəsrəddin”də 42 mənzum və mənsur satirası çap olunmuşdu”.
Lakin onu da qeyd edək ki, Ə.Qəmküsarın redaktorluq etdiyi zaman jurnal çox çətin günlərini yaşayırdı.Hər şeydən əvvəl, “Molla Nəsrəddin” bu zaman görkəmli simaları ilə təmasda ola bilmirdi. M.Cəlil kimi böyük bir sima jurnaldan qismən uzaqlaşmış, Sabir kimi bir şairdən məhrum olmuşdu, əsas yazarlarından sayılan Ömər Faiq xəstəliyi üzündən Tiflisdən köçüb getmiş, jurnalın məşhur rəssamı Şmerlinq həbs olunmuş, Röter isə birdəfəlik olaraq Tiflisi tərk etmişdi.
Jurnalın naşiri, redaktoru, yazarları və rəssamları hökumət tərəfindən tez-tez cərimə edilir, həbsə alınır, hədələnirdi. Bax, belə bir vaxtda Ə.Qəmküsar “Molla Nəsrəddin”ə redaktorluq edirdi. Digər mollanəsrəddinçilər kimi Ə.Qəmküsar da hökumət tərəfindən daim nəzarətdə idi.Dəfələrlə evində, redaksiya otağında çar senzurasının nümayəndələri yoxlamalar aparmışlar və onu həbs etmişlər. Bu haqda Tiflis polismeysteri podpolkovnik Zdanovskinin 6 dekabr 1915-ci il tarixli protokolundan oxuyuruq: “…İrəvan quberniyası Naxçıvan şəhəri əhli Əliqulu Nəcəfovun iki otaqlı və bir mətbəxli evində axtarış apardım…
Axtarış gecə saat 1-də başlandı, saat 3-də qurtardı. Hərtərəfli və diqqətli aparılan axtarış zamanı şübhəli heç bir şey tapılmadı”.
Çox qəribədir, şübhəli bir şey tapılmasa da, bir gün sonra Əliqulu Qəmküsarı həbs edirlər. Qanunları çox gözəl bilən Mirzə Cəlil bu işə qarışaraq məhkəmə iclasına vəkil sifətilə Eynəli bəy Sultanovu, ekspert sifətilə Firudin bəy Köçərlinin də buraxılmasına müvəffəq olur. Qapalı keçirilən məhkəmə iclasında mollanəsrəddinçilər bəraət qazanır. Bu uğurun əldə edilməsində Eynəli bəy Sultanovun və Firidun bəyin böyük köməyi əsas rol oynayır. (Onu da qeyd edək ki, E.Sultanov özü də “Molla Nəsrəddin”də “Neştər” imzası ilə çap olunub. Növbəti məqalələrdən biri də onun haqqında olacaq).
1915-ci ildə Ə.Qəmküsarın azad edilməsi haqqında olan qətnamədən oxuyuruq: “Qətnamə. 1915-ci il dekabrın 15-i. Tiflis şəhəri. Mən, Tiflis quberniyası jandarm idarəsi rəisinin müavini Kobzev hərbi vəziyyət qaydasının 23-cü maddəsinə əsasən həbs edilmiş Əliqulu Nəcəfovun bundan sonra həbsdə saxlanmasına lüzum görmürəm. Qərara alındı: Yuxarıda göstərilmiş Əliqulu Nəcəfov həbsdən azad edilsin. Bu qətnamə ona oxunsun.Qətnamənin surəti Tiflis okruq məhkəməsi prokroruna, Tiflis qubernatoruna və həbsxanaya göndərilsin”.
Onu da qeyd edək ki, Mirzə Cəlillə bağlı tədqiqatlarla tanış olarkən bəlli olur ki, o dəfələrlə məhkəmələrdə iştirak edərək çox çətin də olsa haqqın bərpasına nail ola bilib. Bütün bunlara baxmayaraq, hökumət hər vasitə ilə jurnalın bağlanmasına çalışırdı və buna ara-sıra nail də olurdu.
Jurnalın bütün ağırlığını daha çox öz üzərinə götürən M.Cəlil Ə.Qəmküsarın adını həmişə “Molla Nəsrəddin” jurnalının ən fəal, ən mübariz mühərrirlərindən biri kimi, xüsusi hörmətlə yad etmişdi. Ə.Qəmküsarda M.Cəlilin ona göstərdiyi bu qayğını səmərəsiz qoymamışdı.
Ümumiyyətlə, Ə.Qəmküsar sayca çoxlu mətbuat orqanlarında iştirak edib. Realist ədəbi məktəbin nümayəndəsi olmağına baxmayaraq, romantik cərəyanın təbliğatçısı olan “Həyat”, “İrşad”, “Yeni füyuzȧt”, “Sədayi-həqq” qəzet və jurnallarında da müxtəlif mövzularda, müxtəlif janrda yazıları ilə çıxış etmişdir. Lakin onun “Molla Nəsrəddin” jurnalı ilə bağlılığı, mollanəsrəddinçi kimi tanınması yaradıcılığında bu amilin nə qədər böyük əhəmiyyət kəsb etməsindən xəbər verir.

BDU-nun professoru Qərənfil Dünyaminqızı