00:00:00
Yazar
Aysel Mirzəyeva
08.05.2026 20:49 51 2 dəq oxuma
Siyasət

Monteneqroda imzalanan sənədin siyasi əhəmiyyəti nədən ibarətdir?

Monteneqroda imzalanan sənədin siyasi əhəmiyyəti nədən ibarətdir?

“Azərbaycan parlament diplomatiyası ilə beynəlxalq təsir imkanlarını genişləndirir” – ŞƏRH

 

Monteneqroda keçirilən görüş çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, siyasi dialoqun gücləndirilməsi və müxtəlif istiqamətlər üzrə birgə fəaliyyətin inkişafını nəzərdə tutur.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu memorandum Azərbaycanın son illərdə formalaşdırmağa çalışdığı çoxtərəfli parlament diplomatiyasının mühüm davamıdır:

 

“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında imzalanan memorandum təkcə iki təşkilat arasında texniki əməkdaşlıq sənədi deyil. Bu addım Azərbaycanın beynəlxalq siyasi platformalarda təsir imkanlarını genişləndirmək siyasətinin davamı kimi qiymətləndirilməlidir. İndiyə qədər Qoşulmama Hərəkatı daha çox Asiya, Afrika və Latın Amerikası ölkələrinin platforması kimi qəbul olunurdu. Aralıq Dənizi Parlament Assambleyası ilə əməkdaşlıq isə bu formatı Avropa və Aralıq dənizi siyasi məkanına daha da yaxınlaşdırır”.

 

Politoloq qeyd edib ki, memorandum gələcəkdə bir sıra strateji sahələr üzrə ortaq fəaliyyət imkanları yarada bilər:

 

“Bu əməkdaşlıq enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, qeyri-qanuni miqrasiya, kibertəhlükəsizlik və terrorizmlə mübarizə kimi istiqamətlərdə ortaq parlament təşəbbüslərinin yaranmasına şərait yarada bilər. Eyni zamanda qanunvericilik təcrübəsinin paylaşılması, birgə komitələrin yaradılması və beynəlxalq təşkilatlarda mövqelərin uzlaşdırılması baxımından da əhəmiyyətli platforma formalaşdırır. Bu gün parlament diplomatiyası artıq sadəcə formal görüşlərdən ibarət deyil, beynəlxalq münasibətlərdə siyasi təsir yaradan əsas mexanizmlərdən birinə çevrilib. Sənədin məhz Monteneqroda imzalanması da xüsusi siyasi mesaj xarakteri daşıyır. Balkan regionu hazırda Avropa ilə digər geosiyasi mərkəzlər arasında strateji keçid məkanı hesab olunur. Belə bir şəraitdə memorandumun Monteneqroda imzalanması tərəflərin əməkdaşlığa daha geniş beynəlxalq çərçivədə yanaşdığını göstərir. Sahibə Qafarovanın bu prosesdə iştirakı isə Azərbaycanın parlament diplomatiyasına verdiyi önəmin göstəricisidir. Son illərdə Azərbaycan beynəlxalq platformalarda yalnız enerji siyasəti ilə deyil, diplomatik və siyasi təşəbbüsləri ilə də diqqət çəkməyə çalışır və bu memorandum da həmin xəttin davamı hesab oluna bilər”.

Ayşə Müzəfərli

#azərbaycan #siyasi #monteneqroda #imzalanan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər