Moskva dəvəti real dialoq demək deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüş üçün Moskvaya səfər etməyi planlaşdırmadığını bildirib. Dövlət başçısı vurğulayıb ki, Moskvaya dəvət real dialoqun baş tutmaması anlamına gəlir, lakin Rusiya tərəfinin görüş barədə danışmağa başlamasını müsbət addım kimi qiymətləndirib.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ötən günlərdə Fransanın paytaxtı Paris şəhərində Ukraynanın tərəfdaşları, yəni Britaniyanın təşəbbüsü ilə yaradılan koalisiya çərçivəsində sammit keçirilib:
"Həmin sammitdə əsas müzakirə mövzusu Ukraynaya sülhməramlıların göndərilməsi və Ukrayna-Rusiya müharibəsi ilə bağlı birinci şəxslərin görüş imkanları olub. Qərara alınıb ki, 26 dövlətin nümayəndəsi Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar olaraq Ukraynaya ordu göndərə bilər. Bu kontingentin sayı təxminən 30-50 min arasında olacaq. Əsas yerləşmə istiqamətləri Belarus-Rusiya-Ukrayna cəbhəsi boyu və Ukraynanın qərb hissəsi olacaq. Bundan əlavə, Ukraynaya göstəriləcək yardım məsələləri də müzakirə olunub. Sammitdə Prezident Zelenski Putinin onu Moskvaya dəvət etməsindən danışıb. Zelenski qeyd edib ki, bu dəvət əslində görüşün baş tutmamasını göstərir. Çünki müharibə şəraitində bir dövlət başçısının digərinə Moskvada görüş təklifi real deyil. Zelenski vurğulayıb ki, Putin əslində bu görüşün keçirilməsini istəmir".
Ekspert həmçinin bunu da qeyd edib ki, bununla yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Putinlə görüş keçirib:
"Görüşdən sonra Fidan bildirib ki, yaxın günlərdə Putinin Zelenski ilə görüşə hazır olmadığı aydın olub. Eyni zamanda, Putindən jurnalistlərə açıqlama zamanı görüş ehtimalı barədə soruşulanda o deyib ki, Zelenski legitim deyil, bu səbəbdən də hər hansı sənəd imzalana bilməz. Mənim şəxsi fikrimə görə, yaxın perspektivdə görüş Türkiyədə baş tuta bilər. Format isə belə ola bilər: Zelenski, Putin, Ərdoğan və sonradan Trampın da qoşulması mümkündür. Hazırda hadisələr kifayət qədər gərgin davam edir. ABŞ artıq Ukraynaya hərbi yardım paketi təsdiqləyib. Digər tərəfdən, ABŞ bu müharibədə Ukraynaya dəstəyini davam etdirir. Buna görə də yaxın dövrdə vəziyyətin gərgin olaraq qalacağı gözlənilir".
Güllər Gülhüseynova