Moskva-Tehran xəttində yeni mərhələ gözlənilmir-ŞƏRH
Prezident Vladimir Putinin İran xarici işlər naziri Abbas Araqchi ilə görüşündən sonra Rusiya bəzi mülahizələrini ABŞ-yə və ən yaxın tərəfdaşlarına çatdıra bilər.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Ushakov bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə İran xarici işlər naziri Abbas Əraqçi arasında görüşdən strateji nəticələr gözləmək doğru deyil:
“Həm Rusiya, həm də İran tarixlərinin ən ağır dövrlərindən birini yaşayır. Hər ikisi qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlər sistemindən əhəmiyyətli dərəcədə təcrid olunub. Hər ikisi ağır hərbi itkilərlə üzləşib və ciddi iqtisadi böhran keçirir. Bu baxımdan, Putinlə Əraqçinin görüşündən strateji nəticə və ya ciddi mesaj gözləmək doğru deyil. Rusiya rəsmilərinin, xüsusilə Prezidentin köməkçisi Yuri Uşakovun açıqlamaları “biz də varıq” mənasına gəlməkdən başqa bir şey deyil. Putinlə Əraqçinin görüşü də regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilməz”.
Nuray Əliyeva