00:00:00
Yazar
Admin User
26.09.2025 17:37 215 2 dəq oxuma
Siyasət

MSK nümayəndə heyəti Moldovada seçkiləri müşahidə edəcək

MSK nümayəndə heyəti Moldovada seçkiləri müşahidə edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Bu missiyanın əsas məqsədi seçki prosesinin şəffaflığını və ədalətliliyini qiymətləndirməklə yanaşı, Azərbaycan və Moldova arasında seçki idarəçiliyi sahəsində əməkdaşlığı gücləndirmək və qarşılıqlı təcrübə mübadiləsini genişləndirməkdir.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyətinin Moldovada seçkilərdə iştirakı iki ölkə arasında sıx əlaqələrin bariz göstəricisidir və beynəlxalq səviyyədə Azərbaycana olan etimadın ifadəsidir:


“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyətinin Moldovada keçiriləcək parlament seçkilərinə qatılması öncə dövlətlərimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin güclü olmasını, eyni zamanda Azərbaycanın seçki təşkilatçılığı sahəsində formalaşdırdığı zəngin təcrübəni göstərir. Azərbaycan nümayəndələrinin müşahidəçi qismində dəvət olunması ölkəmizə olan etibarın mühüm nümunəsidir. Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karamanın rəsmi dəvəti ilə həyata keçirilən bu səfər iki ölkənin ali seçki qurumları arasında əməkdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində MSK sədri həmkarı ilə yanaşı digər rəsmi şəxslərlə də görüşəcək. Görüşlərdə seçki idarəetmə orqanları arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, seçkilərin təşkili və idarə olunması sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılacaq. Bu həm də müasir texnologiyalardan istifadə üsullarının, problemlərin həlli yollarının və daha şəffaf idarəetmənin təmin olunması baxımından yeni imkanlar yaradacaq. Azərbaycan nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə hazırlıq prosesi ilə tanış olacaq, seçki günü isə paytaxtdakı seçki məntəqələrində səsvermə prosedurlarını izləyəcək. Azərbaycan seçki praktikasında şəffaflıq, ictimai etimad və beynəlxalq standartlara uyğunluq əsas prinsiplərdəndir. Bu təcrübənin Moldovada bölüşülməsi hər iki dövlət üçün faydalıdır. Eyni zamanda Moldovanın da seçki idarəçiliyində özünəməxsus yanaşmaları var ki, onların öyrənilməsi də gələcəkdə Azərbaycana əlavə imkanlar aça bilər. Qarşılıqlı əməkdaşlıq seçki sahəsində yalnız texniki təcrübə deyil, həm də siyasi dialoqun möhkəmlənməsinə xidmət edəcək. Bu əməkdaşlıq regional sabitlik, demokratik institutların gücləndirilməsi və dövlətlər arasında etimadın artmasına da töhfə verir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər