00:00:00
Yazar
Aysel Mirzəyeva
30.03.2026 20:00 23 2 dəq oxuma
Siyasət

Müharibənin coğrafiyası genişlənir

Müharibənin coğrafiyası genişlənir

İran Silahlı Qüvvələrinin ABŞ-nin İordaniya ərazisində yerləşən hərbi bazasına hücum etməsi regionda gərginliyi daha da artırıb. Hadisə Yaxın Şərqdə münaqişənin genişlənməsi ehtimalını gündəmə gətirib və beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla izlənilir.

 

Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə ABŞ-İran qarşıdurmasının coğrafiyasının genişlənməsi əvvəlcədən gözlənilən ssenarilərdən biri idi:

 

“ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr artdıqca, İranın da cavab addımlarının genişlənəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. İran açıq şəkildə bəyan etmişdi ki, əgər ona qarşı hücumlar hansısa ölkənin ərazisindən həyata keçirilərsə, həmin ərazilərdə yerləşən ABŞ hərbi bazaları legitim hədəf kimi qəbul ediləcək. Bu baxımdan İordaniyadakı bazaya edilən hücum mövcud strategiyanın davamı kimi qiymətləndirilə bilər. İranın cavab zərbələrinin genişlənməsi regiondakı təhlükəsizlik balansına birbaşa təsir göstərir. Artıq təkcə bir neçə ölkədən deyil, körfəz regionunda yerləşən bir sıra dövlətlərdəki ABŞ hərbi bazaları potensial hədəf kimi görünür. Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər və digər ölkələrdə yerləşən bazaların vurulması ilə bağlı risklərin artması münaqişənin coğrafiyasını genişləndirir. Bu isə regiondakı gərginliyi daha da artırır və vəziyyəti daha mürəkkəb mərhələyə keçirir”.

 

Politoloq qeyd edib ki, diplomatik səylər davam etsə də, hazırda onların real nəticə verməsi çətin görünür:

 

“Diplomatik müstəvidə müəyyən fəallıq müşahidə olunsa da, bu daha çox bəyanatlar və qarşılıqlı ittihamlarla məhdudlaşır. ABŞ və İsrail tərəfi İranın hərbi potensialının ciddi şəkildə zəiflədiyini iddia edir. İran isə bu məlumatları təkzib edir və faktiki olaraq cavab zərbələrinin davam etməsi göstərir ki, Tehran hələ də hərbi imkanlarını qoruyub saxlayır. İordaniyadakı bazaya hücum münaqişənin daha təhlükəli mərhələyə keçə biləcəyini göstərir. İordaniya indiyə qədər İranla bağlı daha çox siyasi və ritorik səviyyədə mövqe nümayiş etdirirdi. Lakin əgər bu ölkə birbaşa zərbələrə məruz qalarsa, gələcəkdə İrana qarşı hərbi əməliyyatlarda daha aktiv iştirak etməsi ehtimalı yarana bilər. Bu isə müharibənin coğrafiyasını daha da genişləndirə və regionda yeni ölkələrin də prosesə cəlb olunmasına səbəb ola bilər. Münaqişənin genişlənməsi diplomatik səylərin təsirini də azaldır. Coğrafiya genişləndikcə və daha çox ölkə prosesə cəlb olunduqca diplomatik təşəbbüslərin effektivliyi azalır. Bu baxımdan yaxın dövrdə vəziyyətin sabitləşəcəyi ilə bağlı optimist proqnoz vermək çətindir”.


Ayşə Müzəfərli

#baki #yeni #gündəm #müharibənin #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər