Müntəzəm və çarter reysləri: fərqlər, üstünlüklər və seçim meyarları
Səyahət planlaşdırarkən sərnişinlər tez-tez müntəzəm və çarter reysləri arasında seçim etməli olurlar. Bu iki uçuş növü qiymət, uçuş cədvəli və etibarlılıq baxımından fərqləndiyi üçün düzgün seçim etmək səyahətin rahat və problemsiz keçməsində mühüm rol oynayır.
Mövzu ilə bağlı AZAL-ın mətbuat katibi Nərmin Xəlilova “İnformator.az”a açıqlamasında bildirib ki, hər iki uçuş növü müxtəlif ehtiyaclara cavab verir və uyğun seçim fərdi prioritetlərdən asılı olaraq dəyişə bilər:
"Müntəzəm və çarter reysləri arasında əsas fərq onların planlaşdırılma və icra mexanizmləri ilə bağlıdır. Müntəzəm reyslər aviaşirkətlər tərəfindən əvvəlcədən təsdiqlənmiş cədvəl üzrə həyata keçirilir və ilboyu davamlılıq göstərir. Çarter reysləri isə konkret tələbat əsasında, adətən tur operatorları və ya təşkilatçılar tərəfindən sifariş olunaraq müəyyən dövr və istiqamətlər üzrə icra edilir. Çarter reysləri müəyyən hallarda sərnişinlər üçün daha çevik və əlçatan seçim imkanı yarada bilər. Bu tip uçuşlarda biletlər bəzi hallarda tur paketinin tərkib hissəsi kimi təqdim olunur ki, bu da səyahətin ümumi planlaşdırılmasını daha rahat edir. Bununla yanaşı, uçuş cədvəlinin dəyişkən olması və mövsümi xarakter daşıması kimi xüsusiyyətlər də nəzərə alınmalıdır. Müntəzəm reyslər isə sabit qrafik və daha geniş seçim imkanları ilə fərqlənir. Seçim zamanı sərnişinlər səyahətin məqsədini, tarixlərin çevikliyini və planlaşdırma rahatlığını nəzərə almalıdır. Hər iki uçuş növü müxtəlif ehtiyaclara cavab verir və uyğun seçim fərdi prioritetlərdən asılı olaraq dəyişə bilər".
Samirə Allahverdizadə