“Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Bakı üçün prinsipial məsələdir”-ŞƏRH
Müstəqillik Bəyannaməsinə istinad Ermənistanın yeni Konstitusiyasının preambulasından çıxarılacaq. Bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib. Deputat Ermənistanın əsas qanununda bu dəyişikliyin Azərbaycanın tələbi əsasında ediləcəyini bildirib.Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu açıqlayıb.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın Konstitusiyasında belə bir dəyişiklik təşəbbüsü formal hüquqi addımdan daha çox siyasi siqnal xarakteri daşıyır:
“Xüsusilə, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması məsələsi uzun müddətdir ki, Bakıdan irəli sürülən əsas tələblərdən biri kimi gündəmdə idi. Bu istiqamətdə irəliləyiş sülh gündəliyinin müəyyən mərhələyə keçdiyini göstərir. Lakin bunu birbaşa “sülh prosesinin sürətlənməsi” kimi qiymətləndirmək hələ tezdir. Çünki konstitusion dəyişikliklər daxili siyasi konsensus, referendum ehtimalı və ictimai rəy kimi mürəkkəb proseslərdən keçir. Bu baxımdan, hazırkı mərhələdə daha çox niyyət bəyanı və siyasi iradənin nümayişi kimi qiymətləndirmək daha realdır”.
Politoloq qeyd edib ki, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanın diplomatik mövqeyinin güclənməsi kimi şərh oluna bilər:
“Çünki bu sənəddə ərazi iddialarına zəmin yaradan müddəalar mövcud idi və onların aradan qaldırılması Bakı üçün prinsipial məsələ idi. Bununla belə, bunu tam və yekun diplomatik qələbə kimi təqdim etmək də düzgün olmaz. Çünki sülh müqaviləsinin imzalanması yalnız konstitusion dəyişiklikdən asılı deyil. Sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması və təhlükəsizlik zəmanətləri kimi daha geniş məsələlər hələ də açıq qalır. Bu addım prosesi irəli aparan mühüm mərhələdir, amma yekun nəticə deyil. Daha çox tərəflər arasında etimadın tədricən formalaşmasına xidmət edən bir keçid addımı kimi qiymətləndirilməlidir”.
Nuray Əliyeva