“Nə ideologiya, nə siyasət, nə də rejim dəyişib” - ŞƏRH
İran ABŞ ilə danışıqları dayandıraraq Pakistana artıq atəşkəs danışıqlarında iştirak etməyəcəyini bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İran və ABŞ arasında gedən proseslər heç də göründüyü kimi deyil:
“Əslində hər ikisinin ortaq hədəfi eynidir. Qərb ABŞ başçılığında İran müharibəsi ilə İslam dünyasının nəbzini yoxlayıb. İran, Əfqanıstan, İraq da daxil olmaqla müsəlman ölkələrinə olan bütün təcavüzlərdə işğalçının yanında olmağına baxmayaraq, müsəlman ölkələri demək olar ki, indi İranın yanında olub. Bu dava İranın inqilab zamanı götürdüyü öhdəliklərdən yayınma cəhdlərinə qarşı idi. Yenidən xatırladıblar ki, əsas prinsipləri unutmaq olmaz. İran da buna söz verib. Bundan sonra İranın problemi yenə də, ilk növbədə müsəlman ölkələri olacaq və Fələstin də daxil olmaqla Yaxın Şərqdə “Böyük İsrail” qurulmasına zəmin yaradan proseslərə maksimum dəstək verəcək. Pakistan da daxil olmaqla İrana dəstək verən müsəlman ölkələri isə səlibçi Qərb ideoloji mərkəzlərinin əsas hədəfləri olacaq. Sınaq müharibəsinə fasilə verilib. İran bundan sonra Qərbə, xüsusən İsrailə daha böyük “töhfələr” verməlidir. İrana anladıblar ki, artıq proksilərlə zəmin yaratmağa ehtiyac qalmayıb. Heç bir bəhanəsiz İraqa, Livana, Yəmənə, Qəzzaya hücum etmək mümkündür. Proksilərin dron atmasına lüzum yoxdur, indi başqa variantların icrasına başlamaq lazımdır. Müəyyən müddət İran buna razı olmasa da, uzun həftələr davam edən gizli danışıqlardan sonra razılıq əldə olunduğu görünür”.
Həmçinin şərhçi vurğulayıb ki, nə ideologiya, nə siyasət, nə də rejim dəyişib:
“Sadəcə yeni hədəflər müəyyən olunub. Çin və Rusiya ABŞ-nin siyasətindən o qədər də ciddi narahat deyillər. Çünki bilirlər ki, indiki mübarizədə əsas hədəf onlar deyil. Artıq Qüdsdə Məscid Əl Əqsa bağlanıb. Əfqanıstan Pakistanın üstünə qaldırılıb. Körfəz ölkələri İran raketləri ilə qorxudulub. Türkiyəyə qarşı hazırlıq gedir. Qərbin nəzərində müsəlman aləminin əsas mehvəri Türkiyədir. Belə çıxır ki, sanki İsrail və ABŞ-nin İranda məqsədlərinə çatmasına mane olunub. İran da, ABŞ də qələbə qazandığını elan edib. Bu tamamilə doğrudur. Hər ikisi həm ayrılıqda, həm də birlikdə addımlayacaqları hədəfləri müəyyən ediblər. Elan olunan bu qələbə əslində bir-birinin üzərindəki qələbə deyil. Ortaq hədəfin müəyyən olunması və onun üzərindəki ortaq qələbədir. Bu “qələbələrin” mahiyyətini və nəticəsini yaxın vaxtda görəcəyik. Hadisələr tarixdə nəticəsinə görə qiymətləndirilir. Nəticə isə hələ irəlidədir”.
Şərhçinin sözlərinə görə, bu vəziyyət İranla İraq arasında 8 il davam edən müharibəyə bənzəyir:
“Sonda hər iki tərəf qələbə elan edib. Əslində isə Qərbin təxribatı ilə bir milyondan çox müsəlman həyatını itirib. Savaşanlar deyil, savaşdıranlar qalib gəlib. İndi də ABŞ ona görə qələbə elan edir ki, Körfəz ölkələrini İranla təhdid edərək daha çox təsir imkanları qazansın. İran isə ona görə qələbə elan edir ki, rejim daxilində daha sərt nəzarəti legitimləşdirsin. Regional dövlətlər əslində özləri hədəfdir. Yaxın Şərqdə daha böyük gərginlik gözlənilir. ABŞ və İran sülhdən çox, qarşıdurmadan daha çox siyasi dividend əldə edir. Bu cür “savaşlar” ortaq hədəflər reallaşana qədər müxtəlif intensivliklə davam edə bilər”.
Aytac İbrahimova