Nəsir İmanquliyev: Tələbələrinin qəlbində yaşayan müəllim
Pedaqoji fəaliyyəti boyu minlərlə tələbənin qəlbində özünə əbədi heykəl ucaltmış Nəsir İmanquliyev əsl müəllimlik missiyasının nə demək olduğunu öz şəxsi həyatı və fəaliyyəti ilə əyani şəkildə sübut etmişdir. Universitet auditoriyalarına daxil olanda bəzən zahiri ciddiliyi, təmkinli duruşu ilə tələbələrdə müəyyən bir həyəcan yaratsa da, bir neçə dəqiqə ərzində onun səmimiyyəti, dərin biliyi və hər bir gəncin taleyinə qarşı göstərdiyi həssas münasibət bu həyəcanı dərindən hörmətə, sarsılmaz sevgiye çevirirdi.
Nəsir müəllim tələbələrin yalnız akademik göstəriciləri, imtahan nəticələri ilə deyil, onların şəxsi inkişafı, mənəvi dünyası, ailə vəziyyəti və cəmiyyətdəki mövqeyi ilə də yaxından maraqlanırdı. Çətin sosial şəraitdə yaşayan, oxumaq, elmə yiyələnmək həvəsi olan gənclərə həm maddi, həm də mənəvi dəstək olmaq onun həyat amalına, əsas prinsiplərinə çevrilmişdi. Auditoriyada sadəcə quru mühazirə oxumaqla kifayətlənməz, tələbələri real həyat həqiqətləri ilə tanış edərək onları mətbuatın sərt, lakin şərəfli yollarına hazırlardı. Onun dərslərində hər zaman canlı həyat nümunələrinə, cəmiyyətdən götürülmüş real reportaj tapşırıqlarına üstünlük verilirdi. Tələbələrinə hər gün yazmağı, qələmi əldən qoymamağı məsləhət görən ustad bununla onların peşə vərdişlərini avtomatizm səviyyəsinə qaldırmağa, qələmi əsl silaha çevirməyə çalışırdı.
O dövrün mürəkkəb siyasi çəkişmələri və universitet daxilində baş verən müxtəlif haqsızlıqlar qarşısında belə Nəsir müəllim öz tələbələrini və həmkarlarını qorumaqdan çəkinmirdi. Onun həyatı boyu nümayiş etdirdiyi mərdanəlik, prinsiplərə sədaqət və həmkar borcu bu gün də dillər əzbəridir. Bu gün Azərbaycanın müxtəlif media strukturlarında rəhbər vəzifələrdə çalışan, cəmiyyətdə söz sahibi olan bir çox tanınmış simalar öz uğurlarını məhz Nəsir İmanquliyev məktəbindən aldıqları təməl biliklərə, mənəvi dəstəyə və həyat dərslərinə borclu olduqlarını qürurla etiraf edirlər.
Şehrib Musayeva