NATO-dakı fikir ayrılıqları Rusiyanı gücləndirir
Britaniyalı diplomat Yan Praud bildirib ki, NATO-nun daxili problemləri, xüsusilə üzv ölkələr arasında konsensusun çatışmazlığı Rusiyanın mövqelərini daha da gücləndirir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, NATO üçün əsas daxili problemlər sırasında ABŞ-nin mövqeyi xüsusi yer tutur.
"Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra dəfələrlə bəyan edib ki, Avropa Birliyinin təhlükəsizliyini təmin etmək üçün ABŞ dövlət büdcəsindən maliyyə ayırmaq niyyətində deyil. Onların mövqeyinə görə, bu məsuliyyəti Avropa Birliyi dövlətləri öz üzərinə götürməlidir. Həmçinin administrasiya hesab edir ki, NATO ABŞ-nin təhlükəsizliyi üçün o qədər də böyük əhəmiyyət daşımır. Beləliklə, NATO getdikcə ABŞ maliyyəsi hesabına Avropanın təhlükəsizliyini təmin edən quruma çevrilir. Bu səbəbdən Tramp administrasiyası şərt irəli sürür ki, əgər Avropa ölkələri öz hərbi xərclərini artıraraq yeni təhlükəsizlik sistemlərinə daha çox vəsait ayırmasalar, ABŞ də NATO-ya verdiyi maliyyəni azaldacaq. Bu isə alyansın mövcudluğu üçün ciddi problemlər yarada bilər. Mövcud vəziyyət ABŞ ilə Avropa Birliyi arasında qarşıdurmanı dərinləşdirir. Təbii ki, bu amillər NATO-nu zəiflədə biləcək faktorlardandır və bu vəziyyətdən ilk növbədə Rusiya kimi NATO-nun əsas rəqibləri faydalana bilər. Bununla belə, son vaxtlar Rusiya təhlükəsinin Qərbdə ciddi narahatlıq doğurduğunu nəzərə alsaq, böyük ehtimalla NATO daxilindəki problemlərin müəyyən mənada pozitiv istiqamətdə həll olunması mümkündür".
Güllər Gülhüseynova
