00:00:00
Yazar
Admin User
26.09.2025 17:20 78 2 dəq oxuma
Dünya

NATO-dan Rusiyaya gizli xəbərdarlıq: “Hava məkanını pozsanız, vurulacaqsınız”

NATO-dan Rusiyaya gizli xəbərdarlıq: “Hava məkanını pozsanız, vurulacaqsınız”

“Blumberq”in məlumatına görə, Avropa diplomatları Moskvaya gizli xəbərdarlıq ediblər ki, NATO hava məkanına təxribatlar davam edərsə, rus təyyarələri vurulacaq. Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri Estoniyanın hava sərhədini keçən üç MiQ-31 qırıcısı ilə bağlı ciddi narahatlıq bildiriblər. 

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, son vaxtlar baş verənlər Rusiyanın NATO-nun nəzarət zonasında müxtəlif təxribat hücumları ilə əslində Alyansı müharibəyə cəlb etmək riski üzərindən şantaj etmək məqsədi daşıyır:

 

“Yəni məqsəd NATO-nun birbaşa Ukrayna müharibəsinə qoşulmasına nail olmaq deyil. Rusiya hesab edir ki, NATO qoşularsa, bu, daha böyük müharibəyə səbəb olacaq və bunu nə NATO, nə Avropa, nə də Rusiya istəyir. Lakin Rusiya üçün Ukrayna məsələsində əsas problem Avropa Birliyi və NATO-dur. Çünki ABŞ müəyyən anlaşmalar əldə edib və indiyə qədər bəzi razılaşmalar gündəmdədir. Amma Ukraynanın müqavimət göstərməsinin əsas səbəbi Avropanın dəstəyidir. Ona görə də Rusiya Avropanın hava məkanını pozaraq onları şantaj edir: əgər Ukraynaya dəstək davam etsə, müharibə Avropanın içinə yayılacaq. Rusiyanın məqsədi budur. Bu baxımdan NATO-nun cavabı da tam adekvat deyil. Alyans yaxşı bilir ki, hər hansı sərt addım genişmiqyaslı müharibəyə yol aça bilər. Buna görə Qərb ölkələri həmişə müharibənin Ukrayna sərhədləri daxilində qalmasını istəyib. Lakin son hadisələr NATO-nu məcbur edir ki, Rusiyaya müəyyən formada reaksiya versin. Əks halda bu, həm NATO-nun təhlükəsizlik zəmanətinə zərbə vurur, həm də Rusiyanın təxribatlarını artırır. Cavablar tam adekvat olmasa da, müəyyən mənada xəbərdarlıq xarakteri daşıyır – həm siyasi bəyanatlarla, həm də diplomatik kanallarla”.

 

Politoloqun sözlərinə görə, Rusiyaya həm xəbərdarlıq edilir, həm də hava hücumundan müdafiə sistemləri aktivləşdirilərək ordu döyüş hazırlığı vəziyyətinə gətirilir:

 

“Bununla Rusiya tərəfinə göstərilir ki, istənilən hücuma qarşı adekvat cavab verilə bilər. NATO Rusiya təhlükəsinə qarşı xüsusən Şərqi Avropa və Şərq cinahındakı ölkələrin hava məkanını daha çox qorumağa çalışacaq. İstisna deyil ki, bu istiqamətdə Rusiyaya mesaj vermək üçün qarşıdakı dövrdə həmin ərazilərdə planlaşdırılmamış hərbi təlimlər də keçirilə bilər. NATO tək bir ölkənin deyil, bütövlükdə Polşa, Rumıniya, Baltikyanı dövlətlər və hətta Finlandiyanın hava məkanının müdafiəsini gücləndirə bilər. Hazırkı mərhələdə Alyansın edə biləcəyi əsas addım məhz budur, çünki bundan artıq hərbi addım atmaq müharibə riskini kəskin şəkildə artırar. Buna görə NATO ehtiyatlı reaksiya verməyə üstünlük verir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər