NATO Liderlərinin Sammiti başlayır: Stoltenberqin Ukrayna bəyanatı
Litvanın paytaxtı Vilnüsdə dövlət və hökumət başçılarının iştirak etdiyi NATO sammiti başlayır. NATO-nun baş katibi Stoltenberq bildirib ki, “NATO Ukraynaya üzvlük yolunda aydın və müsbət mesaj verəcək".
İnformator.az CNN Türk-ə əsasən bildirir ki, NATO-nun Sammiti bu gün Litvanın paytaxtı Vilnüsdə başlayıb. Rəsmi qarşılanma mərasimi saat 13.30-da keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın qatılacağı iki günlük sammitdə İsveç, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri də iştirak edəcək. Sammitdə İsveçin NATO-ya üzvlüyü, alyansın yeni hərbi planları və Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət müzakirə olunacaq.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, müttəfiq liderlərin Vilnüs sammitində keçiriləcək görüşü Ukraynaya “üzvlük yolunda aydın və müsbət mesaj” verəcək.
Stoltenberq çıxışında deyib: “Biz aydın mesaj, irəliyə doğru müsbət bir mesaj göndərəcəyik. Kommunikedəki mətn saatlar ərzində ictimaiyyətə açıqlanacaq”, - deyə o bildirib.
İsveçin üzvlüyünə toxunan Stoltenberq, “Hazırda parlament açıq deyil. Amma ən önəmlisi odur ki, Türkiyə üzvlük protokolunu irəli sürəcəyi ilə bağlı dəqiq qərar verib. Türkiyənin də razılığı ilə əsas məsələni həll etmiş olacağıq” dedi.
NATO Sammitinin ilk günündə keçirilən forumdan sonra İsveçin də iştirakı ilə sammitin ilk sessiyası keçiriləcək. Estoniya, Latviya və Litva arasında hava məkanı üzrə əməkdaşlıq bəyannaməsi imzalanacaq, xarici işlər və müdafiə nazirlərinin görüşləri keçiriləcək.
Aydan Qasımova
