NATO niyə ABŞ-nin İrana qarşı hərbi planlarına qoşulmaq istəmir?
NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-yə Yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatlara qarışmaq istəmədiklərini bildirib. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, hər bir ölkə ABŞ-nin mövqeyi ilə razıdır və İranın heç bir halda nüvə silahına sahib olmasına icazə verilməməlidir.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, NATO ölkələrinin İran rejiminin qalmasında hərəsinin öz maraqları var:
“Təkcə ABŞ və İsrailin xatirinə İrana qarşı açıq hücum NATO üçün əlavə problemlər yarada bilər. Xüsusilə NATO-nun ABŞ-yə dəstək verməsi yalnız ciddi təhlükə yarandığı halda aktual ola bilər. Tramp administrasiyasının hazırkı addımları NATO ilə aradakı ziddiyyətləri dərinləşdirir. İran ətrafında gərginliyin artması NATO ölkələrinin ziyanınadır. Alyansın İrana qarşı hücuma qoşulmamasının səbəblərindən biri də müharibənin daha geniş miqyas almasının qarşısını almaq istəyidir. Əgər NATO ümumilikdə və ya üzv ölkələrdən hər hansı biri müharibəyə qoşularsa, regional vəziyyət daha da qarışa və bu qlobal problemə çevrilə bilər. Buna görə də, prosesi mümkün qədər lokal çərçivədə saxlamaq istəyirlər. ABŞ lideri siyasi karyerasına xələl gəlməsindən narahatdır və bu səbəbdən məsuliyyəti bölüşmək istəyir. Çünki həm ölkə daxilində, həm də xaricdə ABŞ-nin bu müharibəyə İsrailin təhriki ilə qoşulduğunu iddia edənlərin sayı artır. Hətta buna görə hökumətdən istefa verənlər də var”.
Nuray Əliyeva