NATO öz hökmranlığını qoruyur
"ABŞ-nin Avropadan çəkilməsi NATO-nu zəiflətdi. Rusiya Prezidenti Vladimir Putin isə NATO-nu sınamağa və üzv ölkələrin reaksiyasını cəzasız provokasiyalarla yoxlamağa davam edəcək", — bunu Fransa generalı, hərbi strategiya üzrə ekspert Nikola Rişu bildirib.
Mövzu ilə bağlı politoloq Kənan Novruz "İnformator.az"a açıqlamasında bildirib ki, Putin bir siyasətçi kimi kifayət qədər təcrübəli siyasətçidir və eyni zamanda onun həm xarakteri, həm psixologiyası, həm də keçmişi onun növbəti siyasi liderliklərini formalaşdırır:
"Putin keçmişdə kəşfiyyatçı olub, təhlükəsizlik xidmətinin əməkdaşı olub. Əvvəlki fəaliyyətində əldə etdiyi təcrübə, eyni zamanda liderlik keyfiyyətləri, idarəçilik qabiliyyəti və prinsipiallığı təbii ki, onun siyasi fəaliyyətinə də təsir edir və ona strateji üstünlüklər qazandırır. Eyni zamanda fransız generalın dediyi kimi, Rusiyada hər şeyi mərkəz, Kreml idarə edir və qərarlarında Putin əsas rol oynayır. Putin heç kimlə məsləhətləşmir, fikirlərini bölüşmür — bu xüsusilə son illərdə, yəni müharibə dövründə daha çox nəzərə çarpır. Çünki Putin artıq öz komandasından və ətrafından uzaqlaşır.
İkincisi, dünyanın təhlükəsizlik arxitekturası yenidən formalaşır. ABŞ-də Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra kollektiv qərar qəbuletmə anlayışı zəifləyib. Donald Tramp hakimiyyətə gələnədək Avropa və ABŞ bir çox məsələdə üst-üstə düşürdüsə, indi belə deyil. ABŞ ilə Avropa arasında fikir ayrılıqları getdikcə artır. Bunun əsas səbəbi şərqi Avropadakı müharibə ilə bağlı tərəflər arasındakı fərqliliklərdir: ABŞ müharibənin dayandırılmasını istəyəndə, Avropa onu davam etdirmək istəyir — bu da fikir ayrılıqlarına səbəb olur.
Təbii ki, bu, NATO daxilində də fikir ayrılıqlarına gətirib çıxarır və Avropanın təhlükəsizliyinə əlavə təhdid yaradır. Yəni ABŞ artıq Avropanın təhlükəsizliyinə əvvəlki kimi eyni ciddi məsuliyyətlə yanaşmır. Məsələ budur ki, Avropa və ABŞ-nin Rusiya ilə bağlı mövqeləri, müharibəyə münasibətləri fərqlidir. Bu fərqliliklər Polşa və Ruminiyanın hava məkanının pozulması kimi hallarda da görünüb — Avropa və ABŞ-ın reaksiyaları fərqli olub.
Putin üçün məqsəd NATO ilə açıq müharibə aparmaq deyil. Amma hansısa Avropa ölkəsini hədəf seçməklə, xüsusən Rusiyanın xeyrinə olan nəticə əldə etməklə, müharibənin miqyasını genişləndirmək istəyən qüvvələr var. Və çünki həmin qüvvələr müharibənin bitməyini istəmirlər. Ona görə də münaqişəni genişləndirmək və bunu dünya səviyyəsinə çıxarmaq istəyən aktorlar mövcuddur.
NATO daxilində də fərqli maraqlar müşahidə olunur. Məsələn, Türkiyə ən azından NATO-nun üzvlərindən biri kimi Rusiyayla müharibə istəmir; ABŞ da Rusiyayla müharibə istəmir. Bəzi dövlətlərin, məsələn, Fransa və Britaniyanın mövqeləri isə müəyyən qədər fərqlidir.
Əgər NATO-nun bir ölkəsi "mən Rusiyayla müharibə istəmirəm" desə, bu artıq NATO-nun parçalanması riskini yarada bilər. Hətta Rusiyayla mümkün müharibənin müzakirəsi belə NATO-nun vahidliyini sarsıda bilər. Məncə münaqişənin genişlənmə ehtimalı var; hansısa Avropa ölkəsinin müharibəyə qoşulma ehtimalı yüksəkdir.
NATO-nun birliyini bərpa etmək üçün atılmalı addımlar barədə isə qeyd etmək lazımdır ki, hər dövlətin xarici siyasəti müstəqildir. Məsələn, Britaniya Ukraynanı müdafiə edirsə, digər ölkələr balanslı davranır. Fransa hüquq və diplomatiyaya daha çox üstünlük verə bilər. Xarici siyasət kursları müxtəlif olduğu üçün NATO daxilində fikir ayrılıqları yaranır.
Bunların həlli üçün vahid mərkəzə ehtiyac var ki, bütün üzv dövlətlərin təhlükəsizlik strategiyaları müəyyən səviyyədə üst-üstə düşsün. Lakin bu, reallıqda çətin görünür, çünki hər dövlətin öz milli təhlükəsizlik prioritetləri var. Halbuki indiyədək NATO öz hökmranlığını qoruyub. Amma indi NATO-nun qarşısındakı çağırışlar və təhdidlər o qədər böyükdür ki, bu, təşkilat üçün yeni ciddi sınaqlar yaradacaq".
Gülay Səlifova
