00:00:00
Yazar
Zəhra Həsənova
23.07.2026 22:44 38 2 dəq oxuma
Sosial

Nazirlər Kabineti müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqləyəcək

Nazirlər Kabineti müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqləyəcək

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyimlə bağlı tələblər müəyyən ediləcək. Dəyişiklik çərçivəsində Nazirlər Kabinetinə iki ay müddətində təhsilverənlərin geyim qaydalarını təsdiqləmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Yeni tələblərin müəllimlərin peşəkar görünüşü və təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması məqsədi daşıdığı gözlənilir.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, müəllimlərin geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərarın cəmiyyətdə yanlış istiqamətdə müzakirə olunub. Qəbul edilən qərar müəllimlər üçün vahid forma tətbiqini nəzərdə tutmur:

 

“Bu gün qəbul olunan qərar müəllimlərin geyim qaydaları ilə bağlı tələblərin müəyyən olunmasıdır. Gələcəkdə aidiyyatı icra orqanları bu qaydalar çərçivəsində geyimlə bağlı tənzimləmələri müəyyən edəcəklər. Yəni, bu gün müəllimlərin vahid formada tədrisə gəlməsindən söhbət getmir. Müəllimlərin geyim qaydalarının müəyyənləşdirilməsi beynəlxalq təcrübədə də mövcuddur. Təhsildə inkişaf etmiş ölkələrdə də bu cür standartlar qaydalar və müəyyən tələblər çərçivəsində tənzimlənir. Azərbaycanda da bu işin təşkili müəllimin özünə olan diqqətin formalaşmasına və müəllim nüfuzunun artmasına kömək edəcək. Müəllimlərin geyim formaları uyğunlaşdırıldıqda onlar metroda, avtobusda, taksidə və digər ictimai yerlərdə müəllim kimi xüsusi diqqət cəlb edəcəklər”.

 

Məzahir Məmmədli hesab edir ki, bu qərar müəllimlər üçün həm maliyyə, həm də vaxt baxımından müsbət nəticələr verəcək:

 

“Bu, müəllimlər üçün əlavə maliyyə yükünün və vaxt itkisinin qarşısını alacaq. Xüsusilə, xanım müəllimlər üçün geyim və aksesuar seçimi ilə bağlı əlavə vaxt itkisi olurdu. Müəyyən edilən geyim etiketi bu məsələlərdə daha rahat və konkret yanaşma formalaşdıracaq. Düşünürəm ki, bu qərar həm də ümumtəhsil məktəblərində şagirdlərin diqqətinin daha çox tədris prosesinə yönəlməsinə gətirib çıxaracaq”.

 

Fatimə Hüseynli

#yeni #xəbər #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər